Tylol hot
Tylol hot öskürək və soyuqdəymə zamanı istifadə olunan vasitədir

Tylol hot dərman vasitəsinin istifadəsi üzrə təlimat
- Tylol hot qiyməti
- Tylol hot tərkibi
- Təsviri
- Farmakoterapevtik qrupu
- Farmakoloji xüsusiyyətləri
- Tylol hot nə üçündür?
- İstifadəsinə göstərişlər
- Tylol hot əks göstərişlər
- Xüsusi göstərişlər
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
- Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Tylol hot istifadə qaydası və dozası
- Əlavə təsirləri
- Doza həddinin aşılması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- İstehsalçı
- Aid olduğu kateqoriyalar
Tylol hot qiyməti
Tylol hot qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazılan tarixdə Tylol hot qiyməti 10 azn - 13 azn (Qutu formasında) arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Tylol hot qiyməti -ni öyrənərək əldə edəsiniz.
Tylol hot tərkibi
Təsiredici maddələr: 1 paketin içərisində 500 mq parasetamol, 4 mq xlorfeniramin-maleat, 60 mq psevdoefedrin-hidroxlorid vardır.
Köməkçi maddələr: susuz limon turşusu, çaxır turşusu, natrium bikarbonat, susuz natrium karbonat, povidon (PVP K 30), rafinə edilmiş şəkər (saxaroza), natrium-benzoat, xinolin-sarısı Cl No. 47005, limon tozu aromatizatoru.
Təsviri
Taylol Hot paketlərinin tərkibinə limon aromatizatorlu, ağımtıl-sarı dənəvər toz və ağ rəngsiz kristallar daxildir.
Farmakoterapevtik qrupu
Öskürək və soyuqdəymə zamanı istifadə olunan vasitələr.
ATC kodu: R05X
Farmakoloji xüsusiyyətləri
Tylol hot nə üçündür?
Farmakodinamikası
Tərkibinə parasetamol, xlorfeniramin-maleat və psevdoefedrin-hidroxlorid daxil olduğuna görə Taylol Hot ağrıkəsici, qızdırmasalıcı, antihistamin və dekongestant xüsusiyyətlərinə malikdir.
Parasetamolun ağrıkəsici və qızdırmasalıcı təsiri klinik təcrübədə təsdiq edilmişdir. Parasetamol, ağrı hüdudunu yüksəldərək ağrıkəsici, hipotalamusda termorequlyasiya mərkəzinə təsir edərək qızdırmasalıcı effekt göstərir.
Xlorfeniramin-maleat, H1-histamin reseptorlarının blokatoru olub, zökəm, burun tutulması, gözlərin yaşarması və qızartı kimi simptomları aradan qaldırır.
Psevdoefedrin-hidroxlorid simpatomimetik amin olub, yuxarı tənəffüs yollarının ödemini aradan qaldıran güclü vasitədir. Tənəffüs yollarının selikli qişasında α adrenergik reseptorlara təsir edərək damarların daralmasını təmin edir. Beləliklə, burunun selikli qişasında ödemi, hiperemiyanı azaldaraq və burun
keçəcəyi mənfəzinin tutulmasının qarşısını alaraq burundan hava axınını asanlaşdırır. Digər simpatomimetiklərlə müqayisədə mərkəzi sinir sisteminə və damarlarına təsiri çox azdır.
Farmakokinetikası
Peroral yolla qəbul edildikdə parasetamol mədə-bağırsaq traktından sürətlə və tam olaraq sorulur.
Maksimal plazma konsentrasiyası 10-60 dəqiqə müddətində əldə edilir. Parasetamol orqanizmin toxumalarına sürətlə və bərabər paylanır. Plazmadan yarımxaricolma müddəti 1,25-3 saat təşkil edir.
Qaraciyərdə mikrosomal ferment sistemi tərəfindən metabolizə olunur. Peroral yolla qəbul edilən parasetamolun dozasının təxminən 85 %-i 24 saat müddətində orqanizmdən sidiklə sərbəst və ya konyuqasiya edilmiş şəkildə xaric olur. Xlorfeniramin-maleat mədə-bağırsaq traktından yavaş sorulur.
Maksimal plazma konsentrasiyası peroral yolla qəbul edildikdən 2,5-6 saat sonra yaranır.
Biomənimsənilməsi 25-50 % təşkil edir. Xlorfeniramin-maleat qanda 70 %-ə qədər plazma zülalları ilə birləşir. Mərkəzi sinir sistemi daxil olmaqla orqanizmdə geniş paylanır. Yarımxaricolma müddəti 2-43 saat təşkil edir. Təsir müddəti 4-6 saatdır. Xlorfeniramin-maleatın böyük qismi metabolizmə uğrayır.
Dəyişilməmiş və metabolit şəklində orqanizmdən əsasən sidiklə, qalan qismi isə nəcislə xaric olur.
Psevdoefedrin-hidroxlorid mədə-bağırsaq traktından sürətlə və demək olar ki, tamamilə sorulur. Peroral yolla məhlul şəklində qəbul edildikdə maksimal plazma konsentrasiyası 1,5-2 saat müddətində yaranır.
Qəbul edildikdən 30 dəqiqə sonra burunda dekongestant təsiri başlayır və bu təsir dozadan asılı olaraq 4-8 saata qədər davam edir. Qaraciyərdə qismən metabolizə olunur. Orqanizmdən əsasən dəyişilməmiş şəkildə (az miqdarda rast gələn metabolitlə birlikdə) sidiklə xaric olur.
İstifadəsinə göstərişlər
- Taylol Hot soyuqdəymə, qrip və digər yuxarı tənəffüs yollarının infeksiyalarında müşahidə olunan və aşağıda sadalanan simptomların aradan qaldırılması üçün istifadə olunur:
- halsızlıq
- hərarət və başağrısı
- rinoreya
- burun tutulması
- asqırma
- yüngül ağrı halları.
Tylol hot əks göstərişlər
Tərkibinə daxil olan hər hansı bir maddəyə qarşı hiperhəssaslıq, qaraciyərin, böyrəklərin və ürəyin ağır xəstəlikləri, həmçinin son iki həftə ərzində və ya hal-hazırda MAO inhibitorlarının qəbul edilməsi.
Xüsusi göstərişlər
Qaraciyər, böyrək, ürək, ağciyər xəstəlikləri və əvvəllər anemiyası olan şəxslərdə həkim nəzarəti altında istifadə olunmalıdır. Qaraciyər çatışmazlığı olan xəstələrdə Child-Pugh təsnifatına əsasən çatışmazlığının ağırlığı C qrupuna aid olduqda istifadə edilən doza 50 % azaldılmalıdır. Ağrının müalicəsi üçün uşaqlarda 5 gündən, böyüklərdə isə 10 gündən çox, həmçinin təkrarlanan və ya 3 gündən artıq davam edən 39,5 oCdən yüksək qızdırması olan uşaqların və böyüklərin müalicəsi üçün həkimə müraciət etmədən Taylol Hot istifadə edilməməlidir.
Psevdoefedrin, arterial təzyiqi normal olan şəxslərdə damardaraldıcı təsir göstərməsə də, arterial təzyiqi yüksək olan xəstələrdə bu təsirin yaranma ehtimalını nəzərə alaraq ehtiyatla istifadə olunmalıdır. Taylol® Hot ilə birlikdə qəbul edilən alkoqolun təsiri güclənə bilər, bu səbəbdən də Taylol® Hot ilə müalicə zamanı alkoqol qəbul edilməməlidir. Əhəmiyyətli miqdarda xroniki olaraq alkoqol qəbul edən xəstələrdə parasetamolun yüksək dozalarının qaraciyərə toksik təsirinin yaranma riski arta bilər. Ancaq bu çox nadir hallarda müşahidə olunur. Hipertenziya, ağır ürək xəstəlikləri, şəkərli diabet, hipertireoidizm, bronxial astma və qlaukoma müşahidə olunan xəstələrdə Taylol® Hot istifadə olunmamalıdır. Antihipertenziv və/və ya antidepressant vasitələr qəbul edən xəstələr Taylol® Hot preparatını qəbul etməzdən əvvəl həkimə müraciət etməlidir.
Uşaqlar
Ağrının müalicəsi üçün uşaqlarda 5 gündən çox, həmçinin təkrarlanan və ya 3 gündən artıq davam edən 39,5 oC-dən yüksək qızdırması olan uşaqların müalicəsi üçün həkimə müraciət etmədən Taylol® Hot istifadə edilməməlidir.
12 yaşdan aşağı olan uşaqlar Taylol® Hot-u yalnız həkimin nəzarəti altında istifadə etməlidirlər.
Hamiləlik və laktasiya dövründə qadınlar Taylol® Hot preparatını həkimin nəzarəti altında istifadə edə bilərlər.
Natrium
Taylol® Hot-nun tərkibində natrium bikarbonat 450 mq, susuz natrium karbonat 45 mq və natrium benzoat 10 mq dozada mövcuddur. Natrium pəhrizi olan pasiyentlər bunu nəzərə almalıdırlar.
Saxaroza (Rafinə edilmiş şəkər)
İrsi olaraq fruktoza intoleransı olan pasiyentlər, qlükoza-qalaktoza çətin absorbsiyası və ya saxarazaizomaltaza çatışmazlığı olan pasiyentlər bu preparatı qəbul etməməlidirlər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Parasetamol və xlorfeniramin hamiləlik zamanı istifadə olunan preparatların B kateqoriyasına aiddir. Bu kateqoriyaya aid olan dərman preparatlarının heyvanlarda keçirilmiş tədqiqatlar zamanı embriotoksik təsir müəyyən edilməməsi ilə birlikdə hamilə qadınlar üzərində keçirilmiş nəzarətli tədqiqatlar mövcud deyil. Parasetamol ana südünə cüzi miqdarda keçir, ancaq bunun ana südü ilə qidalanan körpə uşaqlarda klinik əhəmiyyəti məlum deyil. Xlorfeniramin ana südünə keçir. Antihistamin vasitələrin təsiri nəticəsində, xüsusilə də yenidoğulmuş və vaxtından qabaq doğulmuş uşaqlarda həddən artıq yüksək oyanıqlıq və hətta qıcolmaların yaranma ehtimalına görə laktasiya dövründə istifadə edilməməlidir.
Psevdoefedrin hamiləlik zamanı istifadə olunan preparatların C kateqoriyasına aiddir. Bu kateqoriyaya aid olan dərman preparatları hamilələrdə müsbət təsirin dölə mənfi təsirdən yüksək olduğu halda istifadə oluna bilər. Psevdoefedrin ana südünə keçir; xüsusilə yenidoğulmuş və vaxtından əvvəl doğulmuş uşaqlarda arzuedilməz reaksiyaların yaranmasına səbəb ola bilər. Hamiləlik və laktasiya dövründə dərman mütləq göstəriş olduqda istifadə olunmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Taylol® Hot ilə müalicə zamanı əzginlik müşahidə oluna bilər. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edən, yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən fəaliyyət növləri ilə məşğul olan xəstələr bunu nəzərə almalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Parasetamolun uzun müddət yüksək dozalarda qəbul edilməsi antikoaqulyant vasitələrin təsirini artırır. Uzun müddət və yüksək dozalarda qəbul edildikdə parasetamolun kumarin və indandion törəmələri ilə qarşılıqlı təsiri müşahidə oluna bilər. Alkoqol, barbituratlar və trisiklik antidepressantlar parasetamolun hepatotoksiklik riskini yüksəldə bilərlər. Antiepileptik vasitələrə aid olan karbamazepin, fenobarbital, fenitoin və ya primidon qəbul edən xəstələrdə parasetamolun dozası iki dəfə azaldılmalıdır. Xlorfeniramin fenitoinin qaraciyər metabolizmini gecikdirə bilər və bununla da fenitoinin plazma konsentrasiyasını
yüksəldir. Əlavə olaraq, mərkəzi sinir sisteminin fəaliyyətinə ləngidici təsir göstərən alkoqol, barbituratlar, yuxugətirici vasitələr, opioid analgetiklər, anksiolitiklər, sedativ preparatlar və antipsixotiklər kimi vasitələr xlorfeniraminlə birlikdə istifadə edildikdə sinergik təsir müşahidə olunur. MAO inhibitorları, dekongestantlar, trisiklik antidepressantlar, iştahazaldıcı vasitələr və amfetamin tipli psixostimulyatorlarla birlikdə qəbul edildikdə psevdoefedrin-hidroxlorid arterial təzyiqin vaxtaşırı
artmasına səbəb ola bilər. Alüminium-hidroksidlə birlikdə istifadə olunduqda psevdoefedrinin absorbsiyası artır. Ancaq kaolin psevdoefedrinin absorbsiyasını azaldır. Psevdoefedrin-hidroxloridlə birlikdə qəbul edildikdə metildopa, α-adrenergik reseptorların blokatorları, β-adrenergik reseptorların blokatorları və quanetidin kimi antihipertenziv vasitələrin təsiri zəifləyə bilər.
Tylol hot istifadə qaydası və dozası
Taylol Hot peroral yolla aşağıda göstərildiyi kimi istifadə edilir:
Hər bir paketin içərisində olan dərman preparatı təxminən 1 stəkan (160 ml) isti suda həll edilir və isti halda qəbul olunur. Taylol® Hot hər 6 saatdan bir təkrar qəbul edilə bilər. Gündə 4 dozadan artıq istifadə edilməməlidir.
Uşaqlar
12 yaşdan aşağı olan uşaqlar Taylol® Hot-u yalnız həkimin nəzarəti altında istifadə etməlidirlər.
Qaraciyər və böyrək çatışmazlığı olan xəstələr
Qaraciyər və böyrək çatışmazlığı olan xəstələr Taylol® Hot-u yalnız həkimin nəzarəti altında istifadə etməlidirlər.
Alkoqol qəbul edən xəstələr üçün, hepatotoksikliyinə görə, parasetamolun günlük dozası 2 qramdan yuxarı olmamalıdır.
Əlavə təsirləri
Taylol® Hot preparatına ümumiyyətlə yaxşı dözümlülük müşahidə olunur.
Parasetamol terapevtik dozada toksik təsirə malik deyil. Parasetamol ilə müalicə zamanı nadir hallarda övrə, qaşınan makulopapulyoz səpgi kimi həssaslıq reaksiyaları ilə birlikdə, yüksək dozalarda və uzun müddət istifadə zamanı trombositopeniya, leykopeniya və pansitopeniya yaranması haqqında məlumat
verilmişdir. Çox nadir hallarda neytropeniya, trombositopenik purpura və aqranulositozun yaranması haqqında məlumat verilmişdir. Psevdoefedrinin istifadəsi ilə əlaqədar çox nadir hallarda dəri reaksiyaları, sidik ifrazının çətinləşməsi, yuxu pozulması, hallusinasiyalar, psixi pozğunluq müşahidə oluna bilər. Xlorfeniramin-maleatla müalicə olunan xəstələrdə sedasiya, konsentrasiya pozğunluğu, görmə pozğunluğu, sidik ifrazının çətinləşməsi, ağızda quruluq, baş ağrısı, başgicəllənmə, iştahasızlıq, qusma, ishal, qarın ağrısı, ürəkdöyünmə, aritmiya, qan təzyiqinin enməsi, hepatit, hemolitik anemiya və bəzi allergik dəri reaksiyalarının yaranması haqda məlumat verilmişdir.
GÖZLƏNİLMƏYƏN REAKSİYA YARANDIQDA HƏKİMƏ MÜRACİƏT EDİN.
Doza həddinin aşılması
Doza həddinin aşılmasına şübhə olduqda təcili olaraq müvafiq tibb müəssisəsinə müraciət edilməlidir.
Parasetamolun doza həddi aşıldıqda qaraciyərə toksik təsir göstərir. 12-48 saat müddətində qanda qaraciyər fermentlərinin səviyyəsi yüksələ bilər, protrombin vaxtı uzana bilər, ancaq klinik simptomlar preparatın qəbulundan hətta 1-6 saat sonra belə müşahidə olunmaya da bilər. 10 q-dan yüksək dozada parasetamol qəbul edən böyüklərdə toksik təsirin meydana çıxma ehtimalı vardır. Qaraciyər üçün toksik olan doza həddinin aşılmasını əks etdirən simptomlar ürəkbulanma, qusma, tərləmə, ümumi əzginlikdir.
Qaraciyərə toksik təsir klinik və laborator olaraq sübut edilmədən preparatın qəbulundan sonra 48-72 saata qədər müəyyən olunmaya da bilər. Yeniyetmələrdə və böyüklərdə qəbul olunan parasetamolun miqdarından asılı olmayaraq qəbul vaxtından 24 saat və ya daha qısa bir müddət keçdikdə parasetamolun konsentrasiyasını təyin edən laborator analizin cavabları gələnə qədər xəstəyə asetilsistein təyin olunmalıdır. Əlavə olaraq aşağıdakı tədbirlər tövsiyə olunur: Xəstənin mədəsi, ipekakuana şərbəti içirdilərək qusdurma və ya yuma vasitəsi ilə boşaldılır. Mümkün olduğu qədər tez, ancaq parasetamolun
qəbulundan 4 saatdan tez olmamaq şərti ilə onun plazma səviyyəsi müəyyən olunmalıdır. Ehtimala görə, parasetamolun müxtəlif metabolizm yolları mövcud olduğu üçün uşaqlarda ağır intoksikasiyalar və ya ölüm halları çox nadir rast gəlir. Uşaqlar tərəfindən qəbul edildikdə ehtimal edilən maksimal miqdar daha
asan təxmin edilə bilər. Qəbul olunan doza 150 mq/kq-dan çox olduqda və ya məlum deyildirsə parasetamolun plazma səviyyəsi ölçülməlidir. Bu laborator müayinəsi qəbuldan 4 saatdan tez olmamaq şərti ilə mümkün olduğu qədər erkən aparılmalıdır. Xəstə ipekakuana şərbəti qəbul edəndən sonra qusdurulmalıdır. Parasetamolun plazma səviyyəsi nomoqrammadakı doza həddinin aşılması xəttindən daha yüksək səviyyədə olduqda asetilsisteinlə müalicə başlanılmalıdır. Parasetamolun plazma səviyyəsi ölçülə bilmədiyi halda və ya qəbul olunan doza 150 mq/kq-dan çox olduqda asetilsisteinlə müalicə başlanılmalıdır. Xlorfeniramin maleatla kəskin zəhərlənmə qəbuldan bir neçə saat sonra müşahidə olunur və antihistamin/antixolinergik vasitələrin doza həddinin aşılması kimi müalicə olunmalıdır.
Psevdoefedrin-hidroxloridin doza həddinin aşılmasını göstərən simptomlar - yüngül səksəkə, taxikardiya və/və ya yüngül hipertenziyadır. Bir çox hallarda simptomlar preparatın qəbulundan 4-8 saat sonra başlanır və keçicidir, ümumiyyətlə müalicə tələb etmir.
Buraxılış forması
Birdəfəlik istifadə üçün daxilə qəbul edilən məhlulun hazırlanması üçün Taylol® Hot tozu, paketlərdə. 6,
12 və ya 24 paket içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 °C-dən aşağı temperaturda, öz qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş.
Sancaklar 81100 Düzce/Türkiye.
Lisenziya sahibi
NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş.
Ümraniye 34768 İstanbul/Türkiye.
Aid olduğu kateqoriyalar
- Qrip zamanı istifadə olunan dərmanlar
- Angina, faringit, laringit zamanı istifadə olunan dərmanlar
- Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






