KALSİUM - D3 NİKOMED FORTE

KALSİUM - D3 NİKOMED FORTE Orqanizmdə kalsium və fosfor mübadiləsini tənzimləyən kombinə olunmuş preparatdır.

Jun 14, 2024 - 18:43
Jun 14, 2024 - 19:00
 0
KALSİUM - D3 NİKOMED FORTE
KALSİUM - D3 NİKOMED FORTE

KALSİUM - D3 NİKOMED FORTE Eyniləşdirmə və təsnifat

ATC kodu - А12АХ

Dərman forması

çeynəmə tabletlər (limonlu)

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Buraxılış forması

30, 60 və ya 120 tablet, yüksək sıxlıqlı polietilendən hazırlanmış və burulan qapaqla bağlanmış flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

KALSİUM - D3 NİKOMED FORTE Tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 1250 mq kalsium karbonat (500 mq elementar kalsium), 4,4 mq xolekalsiferol konsentratı* şəklində xolekalsiferol 11,0 mkq (400 BV) xolekalsiferol (D3 vitamini) vardır.

Köməkçi maddələr: ksilitol, limon aromatizatorlu qranulyat (tərkibi: izomalt, limon dadvericisi, yağ turşularının mono- və diqliseridləri), povidon, maqnezium stearat, sukraloza.

*xolekalsiferol konsentratının tərkibi 10% qalıq daxil olmaqla: xolekalsiferol, DL- α-tokoferol, orta zəncirli triqliseridlər, modifikasiya olunmuş qarğıdalı nişastası, saxaroza, natrium askorbat, silisium dioksid.

Təsviri

Yumru, iki tərəfi qabarıq, ağ rəngli örtüksüz, limon ətirli tabletlərdir. Cüzi əlavələrin və kənarlarının kələ-kötür olması mümkündür.

Farmakoterapevtik qrupu

Mineral əlavələr. Kalsium preparatları. Kalsium preparatları digər preparatlar ilə kombinasiyada.

Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası

Orqanizmdə kalsium və fosfor mübadiləsini tənzimləyən kombinə olunmuş preparatdır. Orqanizmdə kalsium və D vitaminin çatışmazlığını bərpa edərək sümük toxumasının və dişlərin sıxlığını artırır və rezorbsiyanı (sorulmanı) azaldır.

Kalsium sinir keçiriciliyinin, əzələ yığılmalarının tənzimlənməsində iştirak edir və qanın laxtalanma sisteminin komponentidir.

Vitamin D3 bağırsaqlarda kalsiumun sorulmasını artırır.

Kalsium və D3 vitamininin yanaşı qəbulu kalsium çatışmazlığı nəticəsində inkişaf edən və sümüklərdən kalsiumun yuyulmasına səbəb olan paratireoid hormonu (PTH) səviyyəsinin yüksəlməsinin qarşısını alır.

Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası

Kalsium

Mədə-bağırsaq traktından (MBT) sorulan kalsiumun miqdarı adətən qəbul olunmuş dozanın 30%-i təşkil edir.

Orqanizmdə kalsiumun 99%-i dişlərin və sümüklərin bərk strukturunda yerləşir. Qalan 1%-i isə – hüceyrədaxili və hüceyrədənkənar mayelərdə yerləşir. Qanda kalsiumun ümumi miqdarının təxminən 50%-i fizioloji aktiv ionlaşmış şəkildədir, onlardan təxminən 10%-i sitrat, fosfat və ya digər anionlarla birgə kompleksdə olur, qalan 40%-i zülallarla, ilk növbədə albuminlə birləşir.

Kalsium bağırsaq, böyrəklər və tərlə xaric olunur. Böyrəklər vasitəsilə xaric olunması yumaqcıq filtrasiyasından və kalsiumun kanalcıq reabsorbsiyasından asılıdır.

Xolekalsiferol

Vitamin D3 nazik bağırsaqlarda asan sorulur.

Xolekalsiferol və onun metabolitləri spesifik qlobulinlə birləşmiş şəkildə qanda dövr edir. Xolekalsiferol qaraciyərdə hidroksilləşmə yolu ilə 25-hidroksixolekalsiferola qədər transformasiya olunur. Sonra böyrəklərdə aktiv 1,25-dihidroksixolekalsiferol aktiv formasına transformasiya olunur. 1,25-dihidroksixolekalsiferol kalsiumun sorulmasının artmasına cavabdeh olan metabolitdir. Metabolizə olunmamış vitamin D3 piy və əzələ toxumalarında yığılır.

Vitamin D3 bağırsaq və böyrəklər vasitəsilə xaric olunur.

İstifadəsinə göstərişlər

Kalsium və D vitamini çatışmazlığının müalicə və profilaktikası.

Kalsium və D vitamininin qəbulu əlavə olaraq kalsium və D vitamini çatışmazlığı riski olan xəstələrdə osteoporozun müalicəsi zamanı

KALSİUM - D3 NİKOMED FORTE Əks göstərişlər

  • Preparatın təsiredici və ya köməkçi maddələrinə qarşı yüksək həssaslıq
  • Ağır böyrək çatışmazlığı (yumaqcıq filtrasiyasının sürəti <30 ml/dəq/1,73m2)
  • Hiperkalsiemiyanın və/ və ya hiperkalsiuriyanın inkişafına səbəb olan xəstəliklər və/ və ya vəziyyətlərv
  • Böyrəkdaşı xəstəliyi (nefrolitiaz)
  • D vitamini hipervitaminozu
  • 18 yaşınadək uşaqlar

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Uzunmüddətli müalicə zamanı qan zərdabında kalsiumun səviyyəsi və böyrək funksiyası qan zərdabında kreatininin səviyyəsi təyin olunmaqla nəzarət altında olmalıdır. Xüsusilə də yaşlı xəstələrdə ürək qlikozidləri və diuretiklərlə yanaşı müalicə zamanı, və daşların əmələ gəlməsinə meyillilik olan xəstələrdə. Hiperkalsiemiya inkişaf etdiyi və ya böyrək funksiyası pozulmasının əlamətlərinin meydana çıxdığı halda doza azaldılmalı və ya müalicə dayandırılmalıdır.

Hiperkalsiemiya və ya böyrək funksiyasının pozulması əlamətləri olan xəstələrə kalsium karbonat xolekalsiferol ilə yanaşı ehtiyatla təyin edilməli və kalsium və fosfatların təsiri tənzimlənməlidir. Yumşaq toxumaların kalsifikasiya riski nəzərə alınmalıdır.

Digər D vitamini mənbəyi və/və ya kalsium tərkibli dərman preparatları və ya qida maddələri ilə yanaşı müalicə zamanı böyrək funksiyasının pozulması ilə nəticələnən hiperkalsiemiya və süd-qələvi sindromu riski mövcuddur. Qeyd olunan xəstələrdə kalsiumun zərdab konsentrasiyası və böyrək funksiyası nəzarət altında saxlanılmalıdır.

Kalsium-D3 Nikomed Forte sarkoidozdan əziyyət çəkən xəstələrə D vitamininin onun aktiv formasına çevrilməsinin yüksək riski ilə əlaqədar ehtiyatla təyin edilməlidir. Həmin xəstələrdə qan zərdabında və sidikdə kalsiumun səviyyəsi nəzarət altında saxlanılmalıdır.

Kalsium-D3 Nikomed Forte hiperkalsiemiyanın inkişafı riski ilə əlaqədar osteoporoz ilə immobilizə olunmuş xəstələrə ehtiyatla təyin edilməlidir.

Kalsium-D3 Nikomed preparatının tərkibində izomalt (Е953) və saxaroza vardır. Bu səbəbdən qlükozaya qarşı dözümsüzlülük ilə bağlı nadir irsi problemlər, qlükoza-qalaktoza sorulmasının pozulması və saxaroza-izomaltaza çatışmazlığı olan xəstələrə bu preparatın istifadəsi tövsiyə edilmir.

Qaraciyər çatışmazlığı zamanı dozanın tənzimlənməsi tələb olunmur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik

Kalsium-D3 Nikomed Forte hamilə qadınlarda kalsium və D vitamini çatışmazlığı zamanı istifadə oluna bilər. Hamiləlik zamanı kalsiumun gündəlik dozası 2500 mq-dan, D vitamininin isə 4000 BV-dən yuxarı olmamalıdır. Daimi hiperkalsiemiya inkişaf edən dölə mənfi təsir göstərdiyi üçün hamiləlik zamanı kalsiumun və D vitamininin doza həddinin aşılmasından qaçmaq lazımdır.

D vitamini terapevtik dozalarda teratogen təsirə malik deyil.

Laktasiya

Kalsium-D3 Nikomed Forte laktasiya dövründə istifadə oluna bilər. Kalsium və D3 vitamini ana südünə keçir. Uşağa D vitamininin əlavə təyini zamanı bunu nəzərə almaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Kalsium-D3 Nikomed Forte preparatı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.

KALSİUM - D3 NİKOMED FORTE İstifadə qaydası və dozası

Böyüklər və yaşlı xəstələr: gündə 2 dəfə 1 tablet.

Tabletləri çeynəmək və sormaq olar.

Əlavə təsirləri

Arzuolunmaz əlavə təsirlər orqan sistemləri sinfi və yaranma tezliyi nəzərə alınaraq sadalanmışdır. Əlavə təsirlərin başvermə tezliyi aşağıdakı kimi təsnif edilir: bəzən rast gələn (≥ 1/1000, <1/100); nadir hallarda rast gələn (≥1/10000, <1/1000); çox nadir hallarda rast gələn (<1/10000), tezliyi məlum olmayan (əldə olan məlumatlar əsasında tezliyin müəyyən edilməsi mümkün deyil).

  • Metabolizm və qidalanma pozulmaları
  • Bəzən rast gələn: hiperkalsiemiya və hiperkalsiuriya.
  • Çox nadir hallarda rast gələn: süd-qələvi sindromu (sidik ifrazının tezləşməsi; uzunmüddətli baş ağrısı; iştahanın uzunmüddətli itməsi; ürəkbulanma və ya qusma; yorğunluq və ya zəiflik; hiperkalsiemiya, alkaloz və böyrək çatışmazlığı). Adətən, doza həddinin aşılması zamanı qeyd olunur.
  • Mədə-bağırsaq pozulmaları
  • Nadir hallarda rast gələn: qəbizlik, dispepsiya, meteorizm, ürəkbulanma, qarında ağrı və ishal.
  • Dəri və dərialtı toxumalar
  • Çox nadir hallarda rast gələn: qaşınma, səpgi və övrə.
  • Böyrək çatışmazlığı olan xəstələr: potensial hiperfosfatemiya, nefrolitiaz və nefrokalsinoz inkişafının riski.
  • İmmun sistemi tərəfindən
  • Tezliyi məlum olmayan: Kvinke ödemi və qırtlağın ödemi kimi hiperhəssaslıq reaksiyaları.
  • Dərman vasitəsi ilə müalicənin başlanmasından sonra meydana çıxan istənilən şübhəli əlavə təsir haqqında məlumatın verilməsi mütləqdir ki, bu da qeyd olunan dərman vasitəsinin fayda/risk nisbətinin profilinin daimi nəzarətini təmin edir.

Digər dərman vasitələrilə qarşılıqlı təsiri

Tiazid diuretikləri kalsiumun sidiklə ekskresiyasının zəifləməsinə səbəb olur. Hiperkalsiemiya inkişafının yüksək təhlükə səviyyəsinə görə tiazid diuretiklərinin yanaşı qəbulu zamanı zərdabda kalsium səviyyəsinin müntəzəm qaydada yoxlanılması mütləqdir.

Kalsium və D vitamini ilə müalicə zamanı inkişaf edən hiperkalsiemiya ürək qlikozidlərinin toksikliyini artıra bilər. Bu səbəbdən, xəstələrdə elektrokardioqrafiya (EKQ) aparılmalı və həmçinin qan zərdabında kalsiumun səviyyəsi yoxlanılmalıdır.

Kalsium karbonat yanaşı qəbul edilən tetrasiklin qrupuna aid olan preparatların mənimsənilməsinə təsir göstərə bilər. Bu səbəbdən tetrasiklin qrupuna aid olan preparatlar kalsium karbonatın peroral qəbulundan 2 saat əvvəl və ya 4-6 saat sonra qəbul edilməlidir.

Kalsium ilə yanaşı istifadəsi zamanı xinolon antibiotiklərin absorbsiyası pozula bilər. Xinolon antibiotiklər kalsium preparatlarının qəbulundan 2 saat əvvəl və ya 6 saat sonra qəbul edilməlidir.

Bifosfonatlar ilə yanaşı qəbulu zamanı qeyd olunan preparatlar Kalsium-D3 Nikomed Forte preparatının qəbulundan ən azı 1 saat əvvəl qəbul edilməlidir ki, bu da bifosfonatların MBT-dan sorulmasının zəifləməsinin qarşısını alır.

Kalsium ilə yanaşı istifadəsi zamanı levotiroksinin absorbsiyası zəifləyir və nəticədə onun effektivliyi azalır. Kalsium və levotiroksinin qəbulu arasında ən azı 4 saat interval olmalıdır.

Kalsium duzları dəmir, sink və stronsium ranelatın sorulmasını azaldır. Bu səbəbdən qeyd olunan preparatlar kalsium preparatların qəbulundan ən azı 2 saat əvvəl və ya 2 saat sonra qəbul edilməlidir.

Orlistatla müalicə potensial olaraq yağda həll olan vitaminlərin (məsələn, D3 vitamininin) sorulmasını poza bilər.

Saxlanma şəraiti

30° C-dan yüksək olmayan temperaturda, kip flakon bağlı vəziyyətdə, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il 6 ay. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

Qeydiyyat vəsiqəsinin sahibi

“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru

İstehsalçı

Takeda AS, Asker, Norveç.
Drammensveyen 852, NO – 1383, Asker, Norveç.

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow