Ev əşyalarına DİQQƏT: ağciyər xərçəngi riski

Gazi Universiteti Tibb Fakültəsinin Tibbi Onkologiya kafedrasının professoru Dr. Uğur Coşkun, sintetik geyimlərdə olan mikroplastiklərin ciddi sağlamlıq təhlükəsi yaratdığına diqqət çəkərək xəbərdarlıq edib. Onun sözlərinə görə, havayla nəfəs alınan mikroplastiklər insan bədənində toplanaraq ağciyər xərçəngi kimi təhlükəli xəstəliklərə səbəb ola bilər.
Bu barədə Doktorm.az CNN Türk-ə istinadən xəbər verir.
Coşkun mikroplastiklərin – yəni çox kiçik plastik hissəciklərin – gündəlik həyatımızda tez-tez qarşılaşdığımız plastik qablaşdırmalarda, sintetik paltarlarda, içməli suda, plastik torbalarda, avtomobil təkərlərində və hətta kosmetik məhsullarda olduğunu bildirib. Bu maddələr hava ilə tənəffüs yolu ilə bədənə daxil olur və zamanla ağciyərlərdə yığılıb xərçəng riskini artırır.
Vyana Tibb Universitetində aparılan və Journal of Hazardous Materials jurnalında yayımlanan son araşdırmada da bu risklər təsdiqlənib. Alimlər polistirol əsaslı mikro və nanoplastiklərin sağlam ağciyər hüceyrələrində DNA zədələnməsi, oksidativ stress və şişlərin yaranmasına yol açan prosesləri aktivləşdirdiyini ortaya qoyublar.
Prof. Coşkun deyib:
“Xüsusilə sintetik geyimlər, xalçalar, pərdələr və yastıqlardan qopmuş liflər havada qalır və nəfəs aldıqda ağciyərə keçir. Bu isə xərçəng kimi ciddi xəstəliklərin yaranmasına zəmin yaradır. Bundan əlavə, mikroplastiklərə içməli sular, pet şüşələr, dəniz duzu, paketlənmiş qidalar, kosmetik vasitələr və evdə istifadə olunan plastik mətbəx əşyaları vasitəsilə də məruz qalırıq. Bu əşyalar xüsusilə isti ilə təmasda olduqda zərərli maddələri daha çox yayır.”
Nəticə olaraq, Coşkun mikroplastik təhlükəsinə qarşı həm fərdi, həm də ictimai şəkildə təcili tədbirlər görülməsinin vacibliyini vurğulayıb. O, aşağıdakı tədbirləri tövsiyə edir:
Sintetik əşyalar əvəzinə pambıq parçalardan istifadə edilməli
Birdəfəlik plastiklərdən imtina edilməli
Plastik su qabları yerinə şüşə qablar seçilməli
Havanın keyfiyyəti artırılmalı
Plastik tullantılar nəzarətə götürülməlidir./news24.az/
Bu yazını dostlarınla paylaş
Bu yazıya reaksiyanız ?






