Amlovas dərmanı nə üçündür?

Amlovas dərmanı nə üçündür?. Amlovas 5 10 mg tabletlər istifadə qaydası və təlimatlar haqqında məlumatlar(Xəstələr üçün).

Jul 16, 2024 - 09:04
 0
Amlovas dərmanı nə üçündür?
Amlovas

Beynəlxalq patentləşdirilməmiş adı:  Amlodipine

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Tərkibi

Amlovas 5 mq tabletlər
Təsiredici maddə: 1 tabletin tərkibində 6.94 mq amlodipin bezilata ekvivalent olan 5 mq amlodipin vardır.
Köməkçi maddələr: mikrokristallik sellüloza və susuz kolloidal silisium dioksid, mannitol, natrium nişasta qlikolyatı, qliserol dibehenat, maqnezium stearat.

Amlovas 10 mq tabletlər
Təsiredici maddə: 1 tabletin tərkibində 13.88 mq amlodipin bezilata ekvivalent olan 10 mq amlodipin vardır.
Köməkçi maddələr: mikrokristallik sellüloza və susuz kolloidal silisium dioksid, mannitol, natrium nişasta qlikolyatı, qliserol dibehenat, maqnezium stearat.

Təsviri

Amlovas 5 mq tabletlər
Ağ rəngli, yumru formalı, hamar, diametri 7 mm olan tabletlərdir.

Amlovas 10 mq tabletlər
Ağ rəngli, yumru formalı, hamar, bir tərəfində bölmə xətti həkk olunmuş diametri 10 mm olan tabletlərdir. Tablet iki bərabər dozaya bölünə bilər.

Farmakoterapevtik qrupu

Kalsiumun əsasən damarlara təsir göstərən selektiv antaqonistləri. Dihidropiridin törəməsi.
ATC kodu: C08CA01

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Təsir mexanizmi
Amlodipin, kalsium ionlarının ürək və damar saya əzələsinə transmembran axınının qarşısını alan dihidropiridin qrupunun kalsium ionlarının (ləng kalsium kanallarının blokatoru və ya kalsium ionlarının antaqonisti) axınının inhibitorudur. Amlodipinin antihipertenziv təsir mexanizmi damarların saya əzələsinə birbaşa boşaldıcı təsir göstərməsi ilə əlaqədardır. Amlodipinin stenokardiyanı yüngülləşdirməsinin dəqiq mexanizmi tam müəyyən edilməmişdir, lakin amlodipin ümumi işemik yükü aşağıdakı iki yolla azaldır:

  • Amlodipin, periferik arteriolları genişləndirir və beləliklə, ümumi periferik müqaviməti (post-yüklənmə) azaldır. Ventrikulyar daşınma sabit qaldığından, ürəyin bu boşalması miokardın enerji sərfini və oksigenə olan tələbatını azaldır.
  • Amlodipinin təsir mexanizmi, çox güman ki, həm normal, həm də işemik bölgələrdə əsas koronar arteriyaların və koronar arteriolların genişlənməsini özündə birləşdirir. Bu dilatasiya, koronar arteriya spazmı olan pasiyentlərdə (Prinzmetal və ya variant stenokardiya) miokarda oksigenin çatdırılmasını artırır.

Effektivliyi və klinik təhlükəsizliyi
Arterial hipertenziyalı pasiyentlərdə amlodipinin birdəfəlik gündəlik dozası həm ayaqüstü, həm də uzanmış vəziyyətdə 24 saatlıq fasilə ərzində AT-nin klinik əhəmiyyətli dərəcədə enməsini təmin edir. Təsirin yavaş başlaması səbəbindən, kəskin hipotenziya amlodipin qəbulu zamanı risk deyildir. Stenokardiya olan pasiyentlərdə amlodipinin gündə bir dəfə qəbulu fiziki yüklənmənin ümumi vaxtını, stenokardiyanın başlamasına qədər olan vaxtı, ST seqmentinin 1 mm depressiyasına qədər olan vaxtı artırır və stenokardiya tutmalarının tezliyini və qliseril trinitrat tabletlərinin istifadəsini azaldır. Amlodipin heç bir əlavə metabolik təsirlər və ya qan plazmasında lipidlərin səviyyəsinin dəyişməsi ilə assosiasiya olunmur və buna görə də, astma, şəkərli diabet və podaqra olan pasiyentlərdə istifadə üçün uyğundur.

Ürəyin işemik xəstəliyi olan pasiyentlərdə istifadəsi

İşemik xəstəliyi olan pasiyentlərdə klinik təzahürlərin qarşısının alınmasında amlodipinin effektivliyi 1997 pasiyent daxil olan müstəqil, çoxmərkəzli, təsadüfi, ikiqat kor, plasebo nəzarətli «Amlodipinin və enalaprilin tromboz hallarının məhdudlaşdırılması üçün müqayisəsi - KAMELOT» adlı bir tədqiqatda qiymətləndirilmişdir. 663 pasiyent 5-10 mq amlodipin, 673 pasiyent 10-20 mq enalapril ilə müalicə edilib və 655 pasiyent plasebo qrupuna daxil edilib. Pasiyentlərin hamısı 2 il ərzində statinlər, beta-blokatorlar, diuretiklər və asetilsalisil turşusu ilə standart müalicəyə əlavə edilmişdir. Əsas effektivlik nəticələri Cədvəl 1-də verilmişdir. Nəticələr göstərir ki, amlodipinin müalicəsi ürəyin işemik xəstəliyi olan pasiyentlərdə stenokardiya və cərrahi revaskulyarizasiya səbəbindən daha az hospitalizasiya ilə əlaqələndirilir.

Cədvəl 1. KAMELOT tədqiqatında klinik cəhətdən əhəmiyyətli nəticələrin tezliyi
Ürək-damar hadisələrinin tezliyi, sayı (%) Amlodipin və plasebonun müqayisəsi

Nəticələr Amlodipin Plasebo Enalapril Nisbi risk (CI - 95%) P dəyəri
Əsas son nöqtə Ürək-damar əlavə təsirləri 110 (16,6) 151 (23,1) 136 (20,2) 0,69 (0,54-0,88)
Koronar revaskulyarizasiya 78 (11,8) 103 (15,7) 95 (14,1) 0,73 (0,54-0,98) ,03
Stenokardiya zamanı hospitalizasiya 51 (7,7) 84 (12,8) 86 (12,8) 0,58 (0,41-0,82) ,002
Qeyri-fatal Mİ 14 (2,1) 19 (2,9) 11 (1,6) 0,73 (0,37-1,46) ,37
İnsult və ya TİH 6 (0,9) 12 (1,8) 8 (1,2) 0,50 (0,19-1,32) ,15
Ürək-damar patologiyası səbəbindən ölüm 5 (0,8) 2 (0,3) 5 (0,7) 2,46 (0,48-12,7) ,27
XÜÇ zamanı hospitalizasiya 3 (0,5) 5 (0,8) 4 (0,6) 0,59 (0,14-2,47) ,46
Ürək dayanması zamanı reanimasiya 0 4 (0,6) 1 (0,1) Mövcud deyil ,04
Yeni diaqnoz qoyulmuş periferik damar xəstəliyi 5 (0,8) 2 (0,3) 8 (1,2) 2,6 (0,50-13,5) ,24

XÜÇ - xroniki ürək çatışmazlığı; Eİ - etimad intervalı; Mİ - miokard infarktı; TIH - tranzitor işemik hücum.

Ürək çatışmazlığı olan pasiyentlərdə istifadəsi

NYHA üzrə II-IV sinif ürək çatışmazlığı olan pasiyentlərdə yüklənmə sınaqları daxil olmaqla aparılan hemodinamik və nəzarət olunan klinik tədqiqatlar göstərmişdir ki, amlodipin yüklənmə sınağında dözümlülük, sol mədəciyin boşalma fraksiyası və klinik simptomlar ilə qiymətləndirilən klinik vəziyyətin pisləşməsinə səbəb olmur. Diqoksin, diuretiklər və AÇF inhibitorları qəbul edən NYHA üzrə III-IV sinif ürək çatışmazlığı olan pasiyentlərin vəziyyətini qiymətləndirmək üçün plasebo-nəzarət klinik sınağı (PRAISE) amlodipinin ürək çatışmazlığı olan pasiyentlərdə ölüm riskini və ya ölüm və xəstəliyin kombinəolunmuş riskini artırmadığını göstərmişdir. NYHA üzrə III-IV sinif ürək çatışmazlığı olan, ürəyin işemik xəstəliyinin simptomsuz və ya əvvəllər mövcudluğuna dəlalət edən obyektiv simptomları olmayan pasiyentlərdə AÇF inhibitorları, üskükotu preparatları və diuretiklərlə sabit doza ilə aparılan müalicədə uzunmüddətli, təkrari plasebo-nəzarət (PRAISE-2) tədqiqatının nəticələri amlodipin istifadəsinin ürək-damar səbəblərindən baş verən ümumi ölüm hallarına təsir etmədiyini göstərmişdir. Bu pasiyentlərdə amlodipinin istifadəsi ağciyər ödemi ilə bağlı məlumatların sayının artması ilə əlaqəli idi.

Kəskin miokard işemiyasının profilaktik müalicəsi (ALLHAT)

Yüngül və ya orta dərəcəli hipertoniya zamanı ölüm və xəstəlik riskini öyrənmək məqsədilə yeni dərman vasitələri ilə müalicənin müqayisəsi üçün ilkin müalicə xətti kimi gündə 2.5-10 mq amlodipin (kalsium kanalları blokatoru) və ya gündə 10-40 mq lizinopril (AÇF inhibitoru) ilə 12.5-25 mq tiazid diuretiki xlortalidonla Antihipertenziv və Ürək Tutmasının Qarşını Almaq üçün Hipolipidemik Terapiya (ALLHAT) adlı ikili kor, randomizəoulunmuş tədqiqat aparılmışdır. Hipertenziyalı 55 yaşdan yuxarı 33357 pasiyent təsadüfi olaraq seçilmiş və orta hesabla 4.9 il ərzində müşahidə edilmişdir. Pasiyentlər ən azı bir əlavə kardiovaskulyar risk faktoruna malik idilər: anemnezdə miokard infarktı və ya insult (tədqiqata daxil edilməzdən >6 ay əvvəl) və ya digər aterosklerotik ürək-damar xəstəliyi (cəmi 51,5%), II tip şəkərli diabet (36,1%), YSLP xolesterol <35 mq/dl (11,6%), elektrokardioqrafiya və ya exokardioqrafiya zamanı diaqnoz olunan sol mədəciyin hipertrofiyası (20,9%), tədqiqata daxil olma zamanı siqaret çəkmə vəziyyəti (21,9%). Tədqiqatın əsas son nöqtəsi ürəyin letal işemik xəstəliyi və ya qeyri-letal miokard infarktı da daxil olmaqla kombinəedilmiş idi. Amlodipin qəbul edən qrup və xlortalidon qəbul edən qrup arasında ilkin son nöqtədə əhəmiyyətli fərqlər yox idi: NR (nisbi risk) 0.98 ilə Eİ (etimad intervalı) 95% [0.90-1.07], p=0.65. İkinci son nöqtələrdə amlodipin qəbul edən qrupda ürək çatışmazlığının əmələgəlmə tezliyi (kombinəolunmuş ürək-damar sisteminin yekun qiymətləndirilməsinin əsas meyarı) xlortalidon qəbul edən qrupla müqayisədə (10.2%-ə qarşı 7.7%, NR 1,38 95% Eİ [1,25-1,52] ilə, p<0.001) əhəmiyyətli dərəcədə yüksək olmuşdur. Uşaqlar və yeniyetmələrdə istifadəsi (6 yaş və ya yuxarı) 6 yaşdan 17 yaşa qədər olan arterial hipertenziyalı, əsasən də ikincili hipertenziyalı 268 uşaq və yeniyetmənin daxil olduğu tədqiqatda amlodipinin 2.5 mq və 5.0 mq dozada plasebo ilə qəbul edilməsinin müqayisəsi göstərmişdir ki, hər iki doza sistolik arterial hipertenziyanı plasebodan əhəmiyyətli dərəcədə daha çox azaldır. İki doza arasındakı fərq statistik cəhətdən əhəmiyyətli deyildir. Amlodipin istifadəsinin boy artımına, cinsi inkişafa və ümumi inkişafa uzunmüddətli təsirləri öyrənilməmişdir. Bundan əlavə, yetkinlik yaşlarında ürək-damar xəstəliklərindən xəstələnmə və ölüm hallarının azaldılmasında uşaqlıqda terapiya kimi istifadə olunan amlodipinin effektivliyi müəyyən edilməmişdir.

Farmakokinetikası

Sorulması
Terapevtik dozaların peroral qəbulundan sonra amlodipin dozanın qəbulundan sonrakı 6-12 saat ərzində qan plazmasında pik səviyyədə yaxşı sorulur. Mütləq biomənimsənilməsinin təxminən 64%-dən 80%-ə qədər olması qiymətləndirilmişdir. Qida qəbulu amlodipinin sorulmasına təsir etmir. Qəbul edildikdən 6-12 saat sonra qan plazmasında maksimal səviyyəyə çatır.

Paylanması
Paylanma həcmi təxminən 21 l/kq təşkil edir. In vitro tədqiqatlar göstərib ki, sirkulə edən amlodipinin təxminən 97.5%-i plazma zülalları ilə birləşmiş olur.

Biotransformasiyası
Amlodipin intensiv (təxminən 90%) şəkildə qaraciyərdə qeyri-aktiv metabolitlərə metabolizə olunur.

Xaric olunması
Plazmadan yarımxaricolunma vaxtı gündə bir dəfə qəbuldan sonra təxminən 35-50 saat təşkil edir. Amlodipinin 10%-i ilkin birləşmə şəklində və 60%-i metabolit şəklində sidiklə xaric olunur.

Qaraciyər çatışmazlığı zamanı istifadəsi
Qaraciyər çatışmazlığı olan pasiyentlərdə amlodipinin istifadəsi ilə bağlı məlumatlar çox məhduddur. Qaraciyər çatışmazlığı olan pasiyentlərdə amlodipinin klirensi azalır və bu yarımxaricolunma dövrünün və AUC-nin təxminən 40-60% artmasına gətirib çıxarır.

Yaşlılarda istifadəsi
Qan plazmasında amlodipinin maksimal qatılığa çatması üçün tələb olunan vaxt yaşlılarda və gənclərdə eynidir. Yaşlı pasiyentlərdə amlodipinin klirensi azalmağa meyillidir ki, bu da AUC («plazmada dərmanın qatılığı-zaman» əyrisinin altındakı sahə) və plazmadan yarımxaricolunma vaxtının uzanmasına səbəb olur. Durğun ürək çatışmazlığı olan pasiyentlərdə AUC və yarımxaricolunma vaxtının uzanması tədqiqat aparılan yaş qrupu üçün gözlənilən idi.

Uşaqlar və yeniyetmələrdə istifadəsi
1,25 mq-dan 20 mq-a qədər dozada gündə bir və ya iki dəfə amlodipin qəbul edən 12 aydan 17 yaşa qədər olan 74 hipertonik pasiyentdə (6 yaşdan 12 yaşa qədər 34 pasiyent və 13 yaşdan 17 yaşa qədər 28 pasiyent) populyasion farmakokinetik tədqiqat aparılmışdır. 6 yaşdan 12 yaşa qədər uşaqlarda və 13 yaşdan 17 yaşa qədər olan yeniyetmələrdə peroral qəbuldan sonra klirens (CL/F) kişilərdə müvafiq olaraq 22.5 və 27.4 l/s, qadınlarda isə müvafiq olaraq 16.4 və 21.3 l/s təşkil etmişdir. İnsanlar arasında geniş təsir dəyişkənliyi müşahidə olunmuşdur. 6 yaşa qədər uşaqlarda təqdim olunan məlumatlar məhduddur.

İstifadəsinə göstərişlər

  • arterial hipertenziya;
  • xroniki stabil stenokardiya;
  • vazospastik stenokardiya (variant stenokardiya və ya Prinzmetal stenokardiyası).

Əks göstərişlər

  • dihidropiridin törəmələrinə, amlodipinə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq;
  • ağır dərəcəli arterial hipotenziya;
  • şok (kardiogen şok da daxil olmaqla);
  • sol mədəciyin çıxacağının obstruksiyası (aorta dəliyinin ağır dərəcəli stenozu);
  • kəskin miokard infarktından sonra hemodinamik qeyri-stabil ürək çatışmazlığı (ilk 28 gün).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Hipertonik krizlər zamanı amlodipin istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən olunmamışdır.

Ürək çatışmazlığı olan pasiyentlərdə istifadəsi
Ürək çatışmazlığı olan pasiyentlərə ehtiyyatla yanaşılmalıdır. Uzunmüddətli plasebo nəzarət tədqiqatlarında ağır dərəcəli ürək çatışmazlığı (NYHA təsnifatı üzrə III və IV sinif) olan pasiyentlərdə ağciyər ödeminin inkişaf tezliyi plasebo qrupuna nisbətən amlodipin istifadə edən qrupda daha yüksək olmuşdur. Durğun ürək çatışmazlığı olan pasiyentlərdə amlodipin də daxil olmaqla, kalsium kanallarının blokatorları ehtiyatla istifadə olunmalıdır, belə ki, onlar gələcəkdə ürək-damar hadisələri və letallıq riskini artıra bilər.

Qaraciyər çatışmazlığı olan pasiyentlərdə istifadəsi
Qaraciyər funksiyalarının pozğunluğu olan pasiyentlərdə amlodipinin yarımxaricolunma dövrü uzanır və AUC göstəriciləri yüksəlir; dozalanmaya dair tövsiyələr müəyyən olunmamışdır. Buna görə də, amlodipinin dozalanması ən aşağı diapazon sərhədindən başlanmalı və həm ilkin müalicə zamanı, həm də dozanın artırılması zamanı ehtiyatla istifadə olunmalıdır. Ağır dərəcəli qaraciyər çatışmazlığı olan pasiyentlərə dozanın yavaş titrlənməsi və ətraflı nəzarət tələb olunur.

Yaşlı pasiyentlərdə istifadəsi
Yaşlılarda dozanın artırılması halında ehtiyatlı olmaq lazımdır.

Böyrək çatışmazlığı olan pasiyentlərdə istifadəsi
Belə pasiyentlərdə amlodipin adi dozalarda istifadə oluna bilər. Qan plazmasında amlodipinin qatılığındakı dəyişikliklər böyrək çatışmazlığının ağırlıq dərəcəsi ilə əlaqələndirilmir. Amlodipin dializ yolu ilə xaric olmur.

Uşaqlar və yeniyetmələr
Amlodipin 6 yaşdan kiçik uşaqlar üçün tövsiyə olunmur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələrinin amlodipinə təsiri
CYP3A4 inhibitorları: Amlodipinin güclü və ya orta CYP3A4 inhibitorları (proteaza inhibitorları, azol qrupundan göbələkəleyhinə vasitələr, eritromisin və ya klaritromisin kimi makrolidlər, verapamil və ya diltiazem) ilə eyni zamanda istifadəsi amlodipinin təsirinin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxara bilər. Belə dəyişikliklərin klinik əhəmiyyəti yaşlı xəstələrdə daha aydın nəzərə çarpa bilər. Buna görə də, klinik mxüşahidə və dozanın tənzimlənməsi tələb oluna bilər. CYP3A4 induktorlarının eyni zamanda istifadəsi (məsələn, rifampisin, tərkibində adi dazı - Hypericum perforatum dərman bitkiləri olan vasitələr) amlodipinin qan plazmasında qatılığının azalmasına gətirib çıxara bilər. Amlodipini CYP3A4 induktorları ilə eyni zamanda ehtiyatla istifadə etmək lazımdır. Amlodipinin qreypfrut və ya qreypfrut şirəsi ilə birlikdə qəbul edilməsi tövsiyə edilmir, çünki bəzi pasiyentlərdə biomənimsənilmə yüksələ bilər, bu da arterial təzyiqin aşağı düşməsi təsirinin güclənməsinə gətirib çıxarır. Dantrolen (infuziya): heyvanlarda verapamil və dantrolenin venadaxili istifadəsindən sonra hiperkalemiya ilə əlaqədar olan letal nəticələnən mədəcik fibrillyasiyası və ürək-damar kollapsı müşahidə olunmuşdur. Bədxassəli hipertermiyaya meyilli və bədxassəli hipertermiya müalicəsi alan pasiyentlərdə hiperkaliemiya riskinin inkişafı ilə əlaqədar olaraq amlodipin kimi kalsium kanalı blokatorlarının eyni zamanda istifadəsindən çəkinmək tövsiyə olunur. Amlodipinin hipotenziv təsiri antihipertenziv xüsusiyyətlərə malik olan digər antihipertenziv vasitələrin təsirlərini artırır. Qarışıqlıqlı təsir klinik tədqiqatlarında amlodipin atorvastatin, diqoksin, varfarin və ya siklosporinin farmakokinetikasına təsir göstərməmişdir. Simvastatin: amlodipinin 10 mq və simvastatinin 80 mq çoxdəfəlik dozalarda eyni zamanda qəbul edilməsi zamanı simvastatinin təsiri simvastatinlə monoterapiya ilə müqayisədə 77% artır. Amlodipin qəbul edən pasiyentlərdə simvastatinin maksimal dozası gündə 20 mq-dır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik
Hamiləlik dövründə amlodipinin istifadəsi ilə əlaqəli adekvat və yaxşı idarə olunan tədqiqatlar yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlarda yüksək dozada reproduktiv toksiklik müşahidə olunmuşdur. Hamiləlik dövründə amlodipinin istifadəsi yalnız daha təhlükəsiz alternativ olmadıqda və xəstəliyin özü ana və döl üçün daha çox risk daşıdığı hallarda tövsiyə olunur.

Laktasiya
Amlodipinin ana südü ilə xaric olub-olmaması məlum deyildir. Ana südü ilə qidalandırılmanın davam etdirilməsi/dayandırılması haqqında qərar ana südü ilə qidalanmanın körpəyə olan faydaları və ana üçün müalicənin faydaları nəzərə alınmaqla qəbul edilməlidir.

Fertillik

Bəzi pasiyentlərdə kalsium kanalı blokatorları ilə müalicə zamanı spermatozoidlərin başında geri dönən biokimyəvi dəyişikliklər müşahidə olunmuşdur. Amlodipinin fertil təsiri haqqında klinik məlumatlar kifayət qədər deyildir. Sıçanlar üzərində aparılan tədqiqatda kişilərin fertil təsirinə yan təsirlər müşahidə olunmuşdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Amlodipin nəqliyyat vasitələrini idarəetmə və potensial təhlükəli mexanizmləri istifadəetmə qabiliyyətinə az və ya orta təsir göstərə bilər. Amlodipin qəbul edən pasiyentlər başgicəllənmə, başağrısı, yorğunluq və ya ürəkbulanma hiss edirlərsə, reaksiya qabiliyyətləri pozula bilər. Xüsusilə müalicənin başlanğıcında ehtiyatlılıq tövsiyə olunur.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow