Ornadeks (Ornadex) istifadə qaydası necədir?

Ornadeks (Ornadex) - Prostat vəzin adenomasında istifadə olunan preparatdır.

Oct 8, 2024 - 17:25
 0
Ornadeks (Ornadex) istifadə qaydası necədir?
Ornadeks (Ornadex)

Ornadeks haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Ornadeks qiyməti

Ornadeks qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Ornadeks qiyməti 35 azn - 38 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Ornadex qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

Təsiredici maddə: Hər kapsulun tərkibində 0,5 mq dutasterid və 0,4 mq tamsulozin hidroxlorid vardır.

Köməkçi maddələr:

Sərt kapsul örtüyü: qara dəmir oksidi (E172), qırmızı dəmir oksidi (E172), titan dioksid (E171), sarı dəmir oksidi (E172), jelatin.

Dutasterid yumşaq kapsulun tərkibi: propilen glikol monokaprilat, II tip, butilhidroksitoluen (E321).

Yumşaq kapsul örtüyü: jelatin, qliserol, titan dioksid (E171), triqliseridlər (orta zəncirli), lesitin (soya yağı ola bilər).

Tamsulozin qranulları: metakril turşusu – etil akrilat kopolimer 1:1 nisbətində dispersiya 30 faiz, sellüloza, mikrokristallin, dibutil sebakat, polisorbat 80, silisium dioksid, kolloid nəmli kalsium stearat.

Qara mürəkkəblər: qatran (E904), qara dəmir oksidi (E172), propilen qlikol, güclü ammiak məhlulu, kalium hidroksid.

Farmakoterapevtik qrupu:

Prostat vəzinin xoşxassəli hiperplaziyasının müalicəsi və simptomlarına nəzarət üçün preparat. 5a-reduktaza inhibitoru və a1-adrenoblokator kombinasiyası.

АТC kodu: G04CA52

Farmakoloji xüsusiyyətləri:

ORNADEX kişilərdə prostat vəzinin çox miqdarda dihidrotestosteron sintezi ilə əlaqədar inkişaf edən və bədxassəli olmayan hiperplaziyasının (prostat vəzinin xoşxassəli hiperplaziyası) müalicəsi üçün istifadə olunur.

ORNADEX 2 müxtəlif preparatın – dutasterid və tamsulozinin kombinasiyasıdır. Dutasterid 5a-reduktaza inhibitoru, tamsulozin isə a1-blokatorlar qrupuna aiddir.

Prostat vəzi böyüdükcə sidik ifrazının çətinləşməsinə, sidiyəgetmə aktının tezləşməsinə səbəb olur. Vaxtında müalicə edilmədikdə sidik ifrazı tam dayana bilər (kəskin sidik ləngiməsi). Bu vəziyyət təcili tibbi müalicə tələb edir. Bəzən prostat vəzinin ölçüsünü kiçiltmək üçün onun bir hissəsini cərrahi yolla götürmək lazım gəlir.

Dutasterid 1-ci və 2-ci tip 5a-reduktaza izofermentlərinin aktivliyini inhibə edərək testosteronun 5a-dihidrotestosterona (DHT) çevrilməsinin qarşısını alır. Dihidrotestosteron sintezinin inhibə olunması prostat vəzi ölçülərini kiçildir, simptomları reduksiya edir, kəskin urinar retensiya (kəskin sidik ləngiməsi) və cərrahi əməliyyat riskini azaldır.

Tamsulozin prostat vəzinin və sidik kisəsi boynu stromasının saya əzələlərində a1a-adrenoreseptorları inhibə edir. Prostat vəzidə a1-adrenoreseptorların təxminən 75%-i a1a yarım qrupu reseptorları hesab edilir.

Farmakodinamikası

Dutasterid dihidrotestosteron (DHT) səviyyəsini azaldır, prostat vəzinin ölçüsünü kiçildir, aşağı sidikçıxarıcı yolların xəstəlikləri simptomlarının aradan qalxmasına və sidik ifrazı sürətinin artmasına şərait yaradır, həmçinin kəskin sidik ləngiməsinin yaranması riskini və cərrahi əməliyyata ehtiyacı azaldır.

Tamsulozin prostat vəzisi və uretrada saya əzələ tonusunu azaltmaqla sidik ifrazının maksimal sürətini artırır, beləliklə obstruksiyanı azaldır. Tamsulozin həmçinin, aşağı sidikçıxarıcı yolların saya əzələ tonusunun və sidik kisəsi qeyri-stabiliyinin inkişafında əhəmiyyətli rol oynayan dolma və boşalma simptomlarını da azaldır. a1-adrenoblikatorlar periferik müqaviməti azaltmaqla AT endirə bilər.

Farmakokinetikası

Sorulması: 0,5 mq dutasterid qəbulundan sonra preparatın qanda Cmax 1-3 saata toplanır. Biomənimsənilmə qida qəbulundan asılı deyil.

Tamsulozin demək olar ki, 100% biomənimsənilməyə malikdir. Sorulma qida qəbulundan sonra azalır.

Paylanması: Dutasterid plazma zülalları ilə >99,5% birləşir. 52 həftəlik müalicədən sonra spermada dutasteridin konsentrasiyası orta hesabla 3,4 nq/ml (0,4–14 nq/ml) təşkil etmişdir. Dutasteridin təxminən 11,5%-i qan plazmasından spermaya daxil olur.

Tamsulozin 94-99% plazma zülalları (xüsusilə də a1-turş qlikoproteinlə) ilə birləşir.

Metabolizm: Dutasterid in vito sitoxrom P450 sisteminin CYP3A4 izofermenti tərəfindən 2 kiçik monohidroksilləşmiş metabolitlər əmələ gətirməklə metabolizmə uğrayır.

Tamsulozin qaraciyərdə sitoxrom P450 sisteminin izofermentləri tərəfindən metabolizmə uğrayır.

Xaric olunması: Dutasterid insan orqanizmində intensiv metabolizmə uğrayır. Sutkada 500 mkq daxilə qəbuldan sonra dozanın 1-15,4%-i dəyişilməmiş şəkildə, qalan hissəsi isə 4 əsas metabolit və 6 ikinci dərəcəli metabolit şəklində bağırsaqdan xaric olunur. Dəyişilməmiş dutasteridin cüzi (< 0,1%) hissəsi böyrəklərlə ekskresiya olunur.

Dərman qəbulu dayandırıldıqdan 4-6 ay sonra dutasterid qan plazmasında 0,1 nq/ml-dən yuxarı dozalarda aşkar oluna bilər.

Tamsulozinin 10%-i dəyişilməmiş şəkildə böyrəklərlə xaric olunur. T1/2 – 5-7 saat təşkil edir.

İstifadəsinə göstərişlər:

Prostat vəzinin xoşxassəli hiperplaziyasının müalicəsi. Prostat vəzinin xoşxassəli hiperplaziyasının orta və ağır dərəcəli simptomları olan xəstələrdə kəskin sidik ləngiməsinin yaranması riskini və cərrahi müdaxilə ehtiyacını azaltmaq məqsədilə.

Əks göstərişlər:

  • qadınlar (çünki bu dərman yalnız kişilər üçündür).
  • 18 yaşdan kiçik uşaqlar və yeniyetmələr.
  • dutasterid, digər 5a-reduktaza inhibitorları, tamsulozin, soya, fısdıq və ya preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.
  • başgicəllənmə və ya bayılma (ortostatik hipotenziya) ilə müşayiət olunan hipotenziya.
  • ağır qaraciyər xəstəlikləri.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri:

– Bəzi klinik tədqiqatlarda aşkar olunmuşdur ki, ürək çatışmazlığı dutasterid və tamsulozinə bənzər a-blokatorlarla birgə istifadə etdikdə, tək dutasterid və ya tək a-blokatorlar qəbul edən pasiyentlərə nisbətən daha çox rast gəlinir.

– Müalicə həkiminiz sizdə qaraciyərlə əlaqədar problemləriniz haqqında məlumatlanmalıdır. Qaraciyərinizə təsir göstərən hər hansı bir xəstəlik varsa, ORNADEX qəbul edərkən bəzi əlavə müayinələrə ehtiyacınız ola bilər.

– Müalicə həkiminiz sizdə böyrəklə əlaqədar problemləriniz haqqında məlumatlanmalıdır.

– Katarakta (bulanıq büllur) əməliyyatı. Əgər katarakta əməliyyatı planlaşdırmısınızsa, həkiminiz əməliyyatdan bir müddət əvvəl ORNADEX qəbulunu dayandırmağı tövsiyə edə bilər. Göz mütəxəssisinə əməliyyatdan əvvəl ORNADEX və ya tamsulozin qəbul etdiyiniz haqqında (və ya əvvəllər qəbul etdiyiniz haqqında) məlumat verin. Həkim əməliyyat zamanı fəsadların qarşısını almaq üçün müvafiq tədbirləri görməlidir.

– Qadınlar, uşaqlar və yeniyetmələr ORNADEX kapsulları əllərində saxlamamalıdır, çünki, aktiv komponentlər dəridən absorbsiya edilə bilər. Preparatın dəri ilə kontaktı baş verdiyi halda həmin nahiyə dərhal sabunla və su ilə yuyulmalıdır.

– Cinsi əlaqə zamanı prezervativdən istifadə edin. Dutasterid ORNADEX qəbul edən kişilərin spermasında aşkar olunur. Əgər partnyorunuz hamilədirsə və ya hamilə olmaq ehtimalı varsa, sperma ilə kontaktda olmamalıdır, belə ki, dutasterid kişi cinsli dölün normal inkişafına təsir göstərə bilər. Dutasterid spermatozoidlərin sayını, hərəkətliliyini və spermanın həcmini azalda bilər. Bu, sizin fertillik qabiliyyətinizi zəiflədə bilər.

– ORNADEX bəzən prostat xərçəngini aşkar etmək üçün istifadə olunan PSA (prostat spesifik antigen) qan testinə təsir göstərə bilər. Həkiminiz bu təsirdən xəbərdar olmalıdır və bu testdən prostat xərçəngini müəyyən etmək üçün istifadə edə bilər. Əgər sizə PSA qan testi təyin edilibsə həkiminizə ORNADEX qəbul etdiyiniz haqqında məlumat verin. ORNADEX qəbul edən pasiyentlər mütəmadi olaraq PSA testi verməlidir.

– Prostat xərçəngi risk qrupuna aid olan pasiyentlərlə aparılan kliniki tədqiqatlarda dutasterid qəbul edən kişilərdə prostat xərçənginin ağır formasının dutasterid qəbul etməyənlərə nisbətən daha çox müşahidə olunması aşkar olunmuşdur. Dutasteridin prostat xərçənginə təsir mexanizmi hələ tam aydın deyil.

– ORNADEX süd vəzisinin böyüməsinə və həssaslığının artmasına səbəb ola bilər. Əgər siz süd vəzisində və ya gilədə bərkimə hiss etsəniz bu dəyişikliklər haqqında həkiminizi məlumatlandırın, çünki bu dəyişikliklər süd vəzi xərçənginin ciddi əlaməti ola bilər.

– ORNADEX qəbulu ilə əlaqədar hər hansı sualınız yaranarsa həkiminiz və ya əczaçı ilə əlaqə saxlayın.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Yanaşı olaraq qəbul etdiyiniz hər hansı dərman haqqında (reseptli və ya reseptsiz) müalicə həkiminizə və ya əczaçıya məlumat verin.

ORNADEX aşağıda qeyd edilən preparatlarla yanaşı qəbul edilməməlidir:

  • digər a-blokatorlar
  • ketokonazol

Bir sıra preparatlar ORNADEX ilə birgə təyin edildikdə reaksiya verə bilər, əlavə təsirləri daha da artıra bilər. Bu dərmanlara aşağıdakılar daxildir:

  • PDE5 inhibitorları (vardenafil, sildenafil sitrat və tadalafil)
  • verapamil və ya diltiazem
  • ritonavir və ya indinavir
  • itrakonazol və ya ketokonazol
  • nefazodon
  • simetidin
  • varfarin
  • eritromisin
  • paroksetin
  • terbinafin
  • diklofenak

Bu dərmanlardan hər hansı birini qəbul edirsinizsə həkiminizlə məsləhətləşin.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Əgər qadın hamilədirsə və ya hamilə olmaq ehtimalı varsa, ORNADEX kapsulu ilə kontaktda olmamalıdır, belə ki, dutasterid dəridən sorulur və kişi cinsli dölün normal inkişafına təsir göstərə bilər (xüsusilə də, hamiləliyin ilk 16 həftəsində).

Cinsi əlaqə zamanı prezervativlərdən istifadə edin. Əgər partnyorunuz hamilədirsə və ya hamilə olmaq ehtimalı varsa, sperma ilə kontaktda olmamalıdır.

Əgər hamilə qadın ORNADEX kapsul ilə kontaktda olubsa həkiminizlə məsləhətləşin.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:

ORNADEX bəzi pasiyentlərdə başgicəllənmə verə bilər ki, bu da sizin təhlükəsiz maşın sürmə və idarə etmə qabiliyyətinizə təsir göstərə bilər.

Əgər preparatın belə əlavə təsirini hiss etsəniz, nəqliyyat və ya hər hansı texniki qurğuları idarə etməkdən uzaq olun.

İstifadə qaydası və dozası:

ORNADEX həkim təyin etdiyi şəkildə qəbul edilməlidir. Mütəmadi olaraq qəbul etməsəniz, PSA səviyyəsinin monitorinqinə təsir göstərə bilər.

ORNADEX gündə 1 kapsul daxilə (qida qəbulundan 30 dəqiqə sonra) qəbul olunur. Kapsul su ilə bütöv şəkildə udulmalıdır. Kapsulu açmaq və ya çeynəmək olmaz. Kapsulun tərkibi ilə kontakt ağız boşluğu və udlağın selikli qişasını qıcıqlandıra bilər.

ORNADEX qəbul etməyi unutmusunuzsa, unudulmuş dozanın əvəzinə ikiqat doza qəbul etməyin. Növbəti dozanı öz təyin olunmuş vaxtında qəbul edin.

Məsləhətləşmədən ORNADEX qəbul etməyi dayandırmayın.

Müalicə həkiminizlə məsləhətləşmədən ORNADEX qəbulunu dayandırmaq olmaz.

Əgər bu preparatın istifadəsi ilə bağlı hər hansı bir sualınız yaranarsa, həkiminizdən və ya əczaçıdan soruşun.

Əlavə təsirləri:

Bütün dərman preparatları kimi ORNADEX də əlavə təsirlərə səbəb ola bilər.

  • Allergik reaksiyalar

Allergik reaksiyaların əlamətlərinə daxildir:

  • dəri səpgiləri (qaşınma ola bilər)
  • məxmərək (gicitkən səpgisinə bənzər)
  • göz qapaqlarının, üzün, dodaqların və ətrafların ödemi

Bu əlamətlərdən hər hansı biri müşahidə olunarsa, dərhal həkiminizlə əlaqə saxlayın və ORNADEX qəbul etməyi dayandırın.

  • Başgicəllənmə və bayılma

ORNADEX başgicəllənmə və nadir hallarda bayılmalara səbəb ola bilər. Uzanıqlı vəziyyətdən oturaq və ya oturaq vəziyyətdən ayaqüstü vəziyyətə keçərkən, xüsusilə də gecə yuxudan durarkən ehtiyatlı olun, bu dərmanın sizə necə təsir etdiyini bilənə qədər diqqət yetirin. Müalicə zamanı başgicəllənmə hiss etdikdə əlamətlər keçənə qədər oturun və ya uzanın.

  • Ciddi dəri reaksiyaları

Ciddi dəri reaksiyalarının əlamətləri aşağıdakılardır:

Xüsusilə ağız, burun, gözətrafı zonalarda və cinsiyyət orqanlarında suluq və dəri qabıqlanması ilə müşayiət olunan geniş yayılmış dəri səpgiləri (Stivens-Conson sindromu).

Əgər bu əlamətlər müşahidə edilərsə, ORNADEX qəbulunu dayandırmaq və dərhal həkimə müraciət etmək lazımdır.

Çox tez-tez rast gəlinən əlavə təsirlər

Bu əlamətlər ORNADEX qəbul edən 1:10 pasiyentdə müşahidə edilə bilər:

  • impotensiya
  • libidonun zəifləməsi
  • eyakulyasiyada çətinlik
  • süd vəzilərinin böyüməsi və ya həssaslaşması (ginekomastiya)
  • başgicəllənmə

* Bəzi pasiyentlərdə ORNADEX qəbulu dayandırıldıqdan sonra bu əlamətlərin bəziləri davam edə bilər.

Tez-tez rast gəlinən əlavə təsirlər

Bu əlamətlər ORNADEX qəbul edən 1:100 pasiyentdə müşahidə edilə bilər:

  • ürək çatışmazlığı (təngnəfəslik, tez yorulma, topuq və ayaqların ödemi kimi simptomlarla özünü göstərə bilər)
  • ayağa qalxdıqda qan təzyiqinin aşağı düşməsi
  • taxikardiya
  • qəbizlik, diareya, qusma, ürəkbulanma
  • asteniya və ya ümumi zəiflik
  • baş ağrısı
  • burunda qaşınma, burun tutqunluğu (rinit)
  • dəri səpgiləri, məxmərək, dəri qaşınması
  • saçların tökülməsi (adətən bədəndə) və ya tüklənmə

Bəzən rast gəlinən əlavə təsirlər

Bu əlamətlər ORNADEX qəbul edən 1:1000 pasiyentdə müşahidə edilə bilər:

  • göz qapaqlarının, üzün, dodaqların və ətrafların ödemi (angioödem)
  • bayılma

Nadir rast gəlinən əlavə təsirlər

Bu əlamətlər ORNADEX qəbul edən 1:10000 pasiyentdə müşahidə edilə bilər:

  • davamlı ağrılı ereksiya (priapizm)
  • ciddi dəri reaksiyaları (Stivens-Conson sindromu).

Digər əlavə təsirlər

Digər əlavə təsirlər az sayda şəxsdə müşahidə edilmişdir, lakin onların dəqiq tezliyi məlum deyil:

  • ürəkdə ritm pozğunluğu (aritmiya, taxikardiya və ya qulaqcıq fibrilyasiyası)
  • təngnəfəslik
  • depressiya
  • testisdə ağrı və ödem
  • burun qanaması
  • şiddətli dəri səpgisi
  • görmədə dəyişiklik (bulanıq görmə və ya görmə pozğunluğu)
  • ağız boşluğunda quruluq hissi

Doza həddinin aşılması:

Sizə təyin olunan dozadan artıq ORNADEX kapsulu qəbul etmisinizsə öz həkiminiz və ya əczaçı ilə məsləhətləşin.

Buraxılış forması:

30 bərk kapsul, flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti:

25ºС temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti:

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti:

Resept əsasında buraxılır.

İstehsalçı:

Laboratorios LEÓN FARMA, SA

Polígono Industrial Navatejera

C/La Vallina, s/n -24008 Navatejera-León SPAIN

Məhsulun və əmtəə nişanının sahibi:

“ORNADO MEDICINE” LLP, Great Britain.

Ornadeks nə üçündür?

Prostat vəzin adenomasında istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow