Fundokort
Fundokort özlü homogen kremdir. Fundokort krem haqqında bütün məlumatları platformamızdan əldə edə bilərsiniz.

Fundokort krem
- Fundokort Tərkibi
- Təsviri
- Farmakoterapevtik qrupu
- Fundokort nə üçündür?
- İstifadəsinə göstərişlər
- Fundokort Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
- Fundokort İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Doza həddinin aşılması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- Fundokort qiyməti
- İstehsalçı
- Aid olduğu kateqoriyalar
Beynəlxalq patentləşdirilməmiş adı: Isoconazole nitrate, Diflucortolone valerat
Fundokort Tərkibi
Təsiredici maddələr: 1 q kremin tərkibində 10 mq (1%) izokonazol nitrat və 1 mq (0,1%) diflukortolon valerat vardır.
Köməkçi maddələr: maye parafin, sarı yumşaq parafin, polisorbat 60, setostearil spirti, dinatrium edetat, sorbitan stearat, deionlaşdırılmış su.
Təsviri
Özlü homogen kremdir.
Farmakoterapevtik qrupu
Yerli istifadə üçün güclü (III qrup) kortikosteroidlərlə göbələkəleyhinə vasitənin (imidazol törəməli) kombinasiyası.
ATC kodu: D01AC20
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Fundokort nə üçündür?
İzokonazol nitrat – imidazolun sintetik törəməsi – geniş antimikrob təsir spektrinə malik olub, səthi göbələk təzahürlərinin müalicəsində istifadə üçün nəzərdə tutulmuşdur. O, dermatofitlərə və maya göbələklərinə, mayayabənzər göbələklərə (Pityriasis versicolordaxil olmaqla), kif göbələklərinə və eritrazma törədicisinə qarşı effektivdir.
Diflukortolon valerat – xaricə istifadə üçün kortikosteroid – dərinin iltihabi və allergik xəstəlikləri zamanı iltihabı tormozlayır və qaşınma, yanma hissi və ağrı kimi subyektiv şikayətləri azaldır.
Farmakokinetikası
İzokonazol nitrat
Sorulması
İzokonazol insan dərisinə sürətlə nüfuz edir və yaxıldıqdan sonra dərman vasitəsinin maksimal səviyyəsi buynuz təbəqədə və canlı dəridə 1 saat müddətində qalır.
Absorbsiya nəticəsində dəri vasitəsilə sistem yüklənmə aşağıdır. Hətta buynuz təbəqənin xaric edilməsindən sonra da istifadə olunmuş dozanın 1%-dən az hissəsi 4 saat ekspozisiya müddətində sistem qan dövranına daxil olur.
Biotransformasiyası
2,4-dixlorobadam turşusu və 2-(2,6-dixlorobenziloksi)-2-(2,4-dixlorofenil)-sirkə turşusu miqdari cəhətdən ən mühüm metabolitlər kimi xarakterizə edilmişdir.
İzokonazol dəridə metabolik inaktivləşməyə məruz qalmır.
Xaricolması
İzokonazol nitratın dəridən sorulan miqdarı insan orqanizmi daxilində onun məruz qaldığı dəyişiklikləri öyrənmək üçün çox azdır. Ona görə də 0,5 mq 3H-nişanlanmış izokonazol nitrat venadaxili yeridilmişdir. İzokonazol tam metabolizə olunmuş və sürətlə orqanizmdən xaric olmuşdur.
Nişanlanmış maddənin üçdə bir hissəsi orqanizmdən sidiklə və üçdə iki hissəsi ödlə xaric olur; ümumi dozanın 75%-i artıq 24 saat ərzində orqanizmdən xaric olmuşdur.
Diflukortolon valerat
Sorulması
İzokonazol diflukortolon valeratın dəriyə nüfuz etməsinə və absorbsiyasına təsir göstərmir. Kortikosteroidin dəridən absorbsiya olunan hissəsi aşağıdır. 4 saatlıq ekspozisiya zamanı yerli istifadə olunan Fundokort-un dozasının 1%-dən az hissəsi dəridən absorbsiya olunmuşdur.
Paylanması
Diflukortolon valerat dəriyə sürətlə nüfuz edir ki, bu da 1 saatdan sonra buynuz təbəqədə onun təqribən 150 mkq/ml (300 mkmol/l) səviyyəsinin yaranmasına gətirib çıxarır. Bu səviyyə ən azı 7 saat müddətində saxlanılır. Epidermisin dərinliyində kortikosteroidin səviyyəsi təqribən 0,15 mkq/ml (0,3 mkmol/l) olmuşdur.
Biotransformasiyası
Diflukortolon valerat dəridə qismən analoji effektivliyə malik diflukortolona hidrolizə olunur. Sistem qan dövranına daxil olarkən diflukortolon valerat bir neçə dəqiqə ərzində diflukortolona və müvafiq yağ turşusuna hidrolizə olunur. Diflukortolonla yanaşı plazmada 11-keto-diflukortolon və daha iki metabolit aşkar edilmişdir.
Xaricolması
Diflukortolon və bütün metabolitlər plazmadan müvafiq olaraq 4-5 saat və təqribən 9 saat (venadaxili inyeksiyadan sonra yarımxaricolma dövrü) yarımxaricolma dövrü ilə xaric olur və orqanizmdən 75:25 nisbətində sidiklə və nəcislə xaric olur.
İstifadəsinə göstərişlər
Dərinin yüksək iltihabi və ya ekzematoz dəri simptomları (məsələn, əl nahiyələrində, ayaq barmaqları arasındakı sahələrdə, qasıq və genital (cinsi) nahiyələrdə) ilə müşayiət olunan səthi göbələk infeksiyalarının başlanğıc və aralıq müalicəsi.
Fundokort Əks göstərişlər
Preparatın təsiredici maddələrinə və ya köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq.
Müalicə olunmalı nahiyələrdə vərəmli və ya sifilitik proseslərin olması, virus xəstəlikləri (məsələn, suçiçəyi, kəmərləyici dəmrov), rozaseya, perioral dermatit və postvaksinal dəri reaksiyaları.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Bakterial infeksiyalaşmış dəri xəstəliklərində ehtiyatla istifadə edilməlidir. Belə hallarda xüsusi müalicə lazımdır.
- Yerli kortikosteroidlərin bədənin böyük sahələrində və ya uzun müddət ərzində geniş istifadə edilməsi, xüsusilə okklüziya zamanı, əlavə təsirlərin yaranma riskini əhəmiyyətli dərəcədə yüksəldir.
- Uşaqlarda istifadə zamanı və üzdə, qoltuq altında və ya qasıq nahiyəsində istifadə zamanı ehtiyatlı olmaq lazımdır, belə ki, həmin hallarda əlavə təsirlərin yaranma riski yüksəlir. Əlavə olaraq, uşaqlarda sistem absorbsiyanın artması nəzərə alınmalıdır.
- Fundokort-un üzə yaxılması zamanı onun gözlərə düşməsinə yol verilməməlidir. Sistem kortikosteroidlərdən məlum olduğu kimi, yerli kortikoidlərin istifadəsi zamanı da qlaukoma inkişaf edə bilər (məsələn, uzun müddət ərzində və ya böyük dozalarda istifadə zamanı, okklüzion sarğı altında və ya gözətrafı dəriyə yaxılma zamanı).
- Barmaqlararası sahənin infeksiyalarında tənzif zolağını Fundokort kremi ilə yağlayıb barmaqların arasına qoymaq daha məqsədəuyğundur.
- Şəxsi dəyişəklə (üz dəsmalı, alt paltarı və s. – yaxşı olar ki, pambıqdan olsun) infeksiyanın yenidən meydana çıxmasından qaçmaq üçün dəyişək hər gün dəyişdirilməli və qaynadılmalıdır.
- Müntəzəm olaraq gigiyenik tədbirlərin həyata keçirilməsi Fundokort-la müvəffəqiyyətli müalicə üçün böyük əhəmiyyətə malikdir. Tinea pedumzamanı barmaqlar arasındakı sahə yuyulduqdan sonra diqqətlə qurudulmalı və corab hər gün dəyişdirilməlidir.
- İzokonazol mikonazolla, ekonazol tiokonazolla istifadə zamanı çarpaz rezistentlik müşahidə edilmişdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Məlum deyil.
Hamiləlik və laktasiya dövründə istifadəsi
- Hamiləlik dövründə yerli qlükokortikosteroidlərin istifadəsinə dair məlumatlar kifayət qədər deyil. Lakin, riskin daha aşağı olmasını gözləmək olar, belə ki, yerli qlükokortikosteroidlərdən istifadə zamanı sistem təsiri çox aşağıdır.
- Bir qayda olaraq, tərkibində kortikoid olan yerli istifadə üçün preparatlar hamiləliyin birinci trimestrində istifadə edilməməlidir. Hamilə qadınlarda və uşaq əmizdirən analarda Fundokort-la müalicə üçün klinik göstərişlər ciddi şəkildə nəzərdən keçirilməli və fayda/risk nisbəti qiymətləndirilməlidir. Xüsusilə, preparatın böyük sahədə və ya uzunmüddətli istifadəsindən qaçmaq lazımdır.
Uşaq əmizdirən analar preparatı süd vəzilərinə müalicə üçün istifadə etməməlidirlər.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Fundokort-un nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirinə dair heç bir məlumat yoxdur.
Fundokort İstifadə qaydası və dozası
Fundokort dərinin zədələnmiş nahiyələrinə yaxılmaqla gündə 2 dəfə istifadə edilməlidir.
Fundokort ilə müalicə dərinin iltihabi və ya ekzematoz xəstəliklərinin yaxşılaşmasından sonra və ya müalicənin başlanmasından ən çoxu 2 həftə sonra və tərkibində kortikosteroid olmayan kremlə müalicəyə başlamazdan əvvəl dayandırılmalıdır. Bu, xüsusilə qasıq və genital nahiyələrdə istifadəyə aiddir.
Xüsusi qrup xəstələrə dair əlavə məlumat
Böyrək/Qaraciyər çatışmazlığı
Yerli kortikosteroidlərin bədənin geniş sahələrində uzun müddət ərzində istifadə edilməsi, okklüzion sarğı altında istifadəsi və ya qaraciyər çatışmazlığı olan pasiyentlərdə istifadə edilməsi nəticəsində sistem absorbsiyadan sonra hipotalamus-hipofiz-böyrəküstü vəzi sisteminin dönərtormozlanması baş verir.
Pediatrik xəstələr
Əlavə təsirlərin meydana çıxması və sistem absorbsiya riskinə görə Fundokort uşaqlarda ehtiyatla istifadə edilməlidir.
Əlavə təsirləri
Tərkibində kortikosteroidlər olan yerli preparatların bədənin geniş sahələrinə (10%-ə yaxın və ya daha çox) və ya uzunmüddətli (4 həftədən çox) istifadəsindən sonra aşağıdakı reaksiyalar baş verə bilər: dərinin atrofiyası, teleangiektaziya, striyalar (gərilmələr), dəridə civzə formalı dəyişikliklər kimi yerli simptomlar və absorbsiya nəticəsində kortikoidin sistem təsirləri.
Klinik sınaqların meta-analizində müalicə ilə bağlı arzuolunmaz təsirlər aşağıdakı kimi təsnif edilmişdir.
- Çox tez-tez (≥1/10); tez-tez (≥1/100-dən <1/10-ə qədər); bəzən (≥1/1000-dən <1/100-ə qədər); nadir (≥1/10000-dən <1/1000-ə qədər); çox nadir (<1/10000); məlum olmayan tezlikdə (mövcud məlumatlar başvermə tezliyini müəyyən etmək üçün kifayət deyil).
- İmmun sisteminə
- nadir: allergik kontakt dermatit.
- Dəri və dərialtı piy toxumasına
- nadir: follikulit, hipertrixoz, perioral dermatit, dərinin rəngsizləşməsi, səpgi; qaşınma, yanma hissi, eritema və vezikulyasiya (qabarcıqların əmələ gəlməsi), qıcıqlanma, quruluq, maserasiya, bişməcə kimi yerli simptomlar.
Bunlar yerli kortikosteroidlərin istifadəsi nəticəsində meydana çıxan yüngül və adətən keçici əlavə təsirlərdir; müalicə davam etdirildikcə qeyd edilmişdir ki, şikayətlər aradan qalxır. Qaşınma və ya yanma hissi kimi yerli təsirlər yerli müalicədən sonra pasiyentlərin təqribən 1%-də müşahidə edilə bilər.
Yerli qıcıqlanma və yanma hissi diflukortolon valerat ilə lokal müalicə almış pasiyentlərin 0,5%-4%-ə müşahidə edilmişdir.
Anaları hamiləlik zamanı və ya laktasiya dövründə intensiv və uzunmüddətli müalicə almış yenidoğulmuşlarda əlavə təsirlərin meydana çıxmasını (məsələn, hamiləliyin son həftələri ərzində istifadə zamanı böyrəküstü vəzilərin qabıq maddəsinin funksiyasının azalması) istisna etmək olmaz.
Doza həddinin aşılması
Dəridə birdəfəlik istifadə zamanı doza həddinin aşılması nəticəsində (absorbsiya üçün əlverişli olan böyük sahədə istifadə) və ya bilməyərəkdən daxilə qəbul zamanı kəskin intoksikasiyanın istənilən riskini gözləmək olar.
Buraxılış forması
Fundokort 15 q krem, plastik yivli qapağı olan alüminium tubda. 1 tubiçlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 °C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
Marketinq hüquqları sahibi
Asfarma firması
Fundokort qiyməti
Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.
İstehsalçı
Pharmactiveİlaç San.ve Tic.A.Ş.
Karaağaç Mahallesi, Fatih Bulvarı №32
Çerkezköy Organize Sanayi Bölgesi
Kapaklı/Tekirdağ/Türkiyə
Aid olduğu kateqoriyalar
- Dermatit və ekzema zamanı istifadə olunan vasitələr
- Göbələk mənşəli səpkilərdə istifadə olunan vasitələr
- Göbələk əleyhinə vasitələr
- Əl, dəri və selikli qişalar üçün antiseptik vasitələr
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






