Aertal krem nə üçündür? istifadə qaydası necədir?
Aertal krem - Yumşaq toxumaların zədələnmələri zamanı, travmatik ağrılarda, oynaq və əzələ ağrılarında, idman zədələnmələrində istifadə olunan preparatdır.

Aertal krem haqqında məlumat
- Aertal krem qiyməti
- Tərkibi
- Təsviri
- Farmakoloji xüsusiyyətləri
- İstifadəsinə göstərişlər
- Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Doza həddinin aşılması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- İstehsalçı
- Aertal krem nə üçündür?
Aertal krem qiyməti
Aertal krem qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Aertal krem qiyməti 17 azn - 20 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Aertal maz qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
AERTAL 1,5 % xaricə istifadə üçün krem
AIRTAL
Beynəlxalq patentləşdirilməmiş adı: Aceclofenac
Tərkibi
Təsiredici maddə: 1,0 q kremin tərkibində 0,0150 q mikronlaşdırılmış aseklofenak vardır.
Köməkçi maddələr: emulsiya mumu, maye parafin, metilparahidroksibenzoat (E218), propilparahidroksibenzoat (E216), təmizlənmiş su.
Təsviri
Ağ rəngli kremdir.
Farmakoterapevtik qrupu
Oynaq və əzələ ağrılarında xaricə istifadə üçün preparatlar. Yerli istifadə üçün qeyri-steroid iltihabəleyhinə preparatlar.
ATC kodu: M02AA25.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Təsir mexanizmi
Aseklofenak ağrıkəsici və qızdırmasalıcı effektlərə malik, qeyri-steroid iltihabəleyhinə preparatdır. Eksperimental modellərdə preparat, iltihabın mənşəyindən asılı olmayaraq, ödemin və hiperemiyanın inkişafını inhibə edir. Bu preparatın təsir mexanizminin öyrənilməsi istiqamətində həm heyvanlar üzərində, həm də insanların iştirakı ilə aparılan tədqiqatlar, aseklofenakın siklooksigenaza fermentinin müvəqqəti inhibə olunması vasitəsi ilə, prostaqlandinlərin və leykotrienlərin sekresiyasını inhibə etmə ehtimalını göstərmişdir.
Klinik effektivliyi və təhlükəsizliyi
Aertal kremin dəri tolerantlığının (qıcıqlanmasının) öyrənilməsi istiqamətində dörd gün müddətində aparılan tədqiqatda, kremin plasebo və iki dəfə distillə olunmuş su ilə müqayisəli analizi aparıldıqda, digər tədqiq olunan maddələrlə müqayisədə, Aertal kremin daha zəif qıcıqlandırıcı təsiri aşkar edilmişdir.
12 nəfər könüllünün iştirakı ilə aparılan digər tədqiqatda, Aertal kremin istifadəsindən əvvəl və sonra ultrabənövşəyi şüalanmanın təsiri altında hiperemiya sahəsinin ölçüsü qiymətləndirilmişdir. Müəyyən edilmişdir ki, krem çəkildikdən 7 saat sonra hiperemiya sahəsinin ölçüsü, plasebo çəkilmiş və nəzarət olunan (işlənməmiş) sahələrlə müqayisədə, aseklofenak ilə işlənmiş sahələrdə daha kiçik olmuşdur.
Təsdiq olunmuşdur ki, dayaq-hərəkət sistemi zədələnmələrinin müalicəsi məqsədi ilə yerli istifadə edildikdə, Aertal krem iltihabəleyhinə və ağrıkəsici təsirlərə malikdir.
Müqayisəli klinik tədqiqatlarda aseklofenakın effektivliyinin yerli istifadə üçün nəzərdə tutulan digər iltihabəleyhinə preparatların effektivliyi ilə ən azından müqayisə edildiyi təsdiq olunmuşdur.
Həmin klinik effektivlik, qənaətbəxş yerli və sistem tolerantlıqla uyğunlaşdırılır.
Bu səbəbdən, Aertal krem dayaq-hərəkət sistem zədələnmələrinin və ya iltihabi xəstəliklərinin müalicəsi üçün effektiv preparatdır.
Farmakokinetikası
Aertal kremin yerli istifadə zamanı farmakokinetikası, müxtəlif eksperimental modellərdə heyvanlar üzərində və insanların iştirakı ilə aparılan tədqiqatlarda öyrənilmişdir.
Sorulması
Aertal krem dəri üzərinə çəkildiyi nahiyədən sorulur və sürətlə doyma dərəcəsinə çatır. Krem sorulduğu nahiyədə toplanır ki, bu da iltihabəleyhinə aktivliyin yüksəlməsinə səbəb olur və aşağı konsentrasiyalarda sistem qan dövranına tədricən daxil olur; bununla əlaqəli, əlavə effektləri, o cümlədən mədə-bağırsaq traktı ilə əlaqəli effektlərin meydana çıxma riski minimallaşır.
Paylanması
Aseklofenak bütün orqanizmə paylanılır.
Xaricolması
Aseklofenak qaraciyərdə metabolizmə məruz qalır və tədricən, qismən dəyişilməmiş şəkildə, sidiklə və nəcislə xaric olunur.
İstifadəsinə göstərişlər
Dayaq-hərəkət aparatının istənilən zədələnmələri, o cümlədən, idman zədələri nəticəsində meydana çıxan yerli ağrının və iltihabın bütün növlərinin müalicəsi.
Preparatdan dartılma, həddindən artıq gərilmə və ya zədələnmə baş verdiyi hallarda vətər, bağ, əzələ və oynaq iltihabını azaltmaq məqsədi ilə və həmçinin, lyumbaqo, əyriboyunluluq və periartritin müalicəsi üçün istifadə etmək olar.
Əks göstərişlər
- Preparatın aktiv komponentinə və ya “Tərkibi” bölməsində qeyd olunan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq;
- anamnezlərində digər qeyri-steroid iltihabəleyhinə preparatlara (QSİƏP) qarşı hiperhəssaslıq qeyd olunan pasiyentlərə preparatı təyin etmək olmaz. Diklofenak ilə ehtimal edilən çarpaz hiperhəssaslığın təsdiq edilməməsinə baxmayaraq, anamnezlərində diklofenaka qarşı hiperhəssaslıq qeyd olunan pasiyentlərə bu preparatın istifadəsi tövsiyə olunmur;
- digər qeyri-steroid iltihabəleyhinə preparatlar kimi, asetilsalisil turşusunun və ya QSİƏP-in istifadəsi astma tutmalarının, övrənin və ya kəskin rinitin meydana çıxmasına səbəb olan pasiyentlərdə aseklofenakın istifadəsi əks göstərişdir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aertal krem çəkildiyi nahiyədə yerli qıcıqlanma qeyd olunduğu halda, preparatın istifadəsini dayandırmaq və yerli qıcıqlanma simptomlarının müvafiq müalicəsini həyata keçirmək lazımdır.
Açıq yaraların, selikli qişaların və həmçinin, dərinin ekzematoz qıcıqlanmasının müalicəsi üçün və ya kremin çəkildiyi nahiyədə dəri üzərində hər hansı digər patoloji proses olduğu halda, kremi istifadə etmək olmaz.
Aseklofenakın 18 yaşa qədər uşaqlarda istifadəsinin təhlükəsizliyi və effektivliyi barədə heç bir məlumat yoxdur.
Fotohəssaslıq reaksiyalarının qarşısını almaq məqsədi ilə, krem çəkilən dəri nahiyəsini günəş şüalarının təsirindən qorumaq vacibdir.
Hiperhəssaslıq və dəri reaksiyaları
Digər QSİƏP-lər kimi, Aertal kremin istifadəsinə başladıqda, preparat allergik reaksiyaların, o cümlədən, anafilaktik/anafilaktoid reaksiyaların meydana çıxmasına səbəb ola bilər. Nadir hallarda, QSİƏP-in istifadəsi ilə əlaqəli, eksfoliativ dermatit, Stivens-Conson sindromu və toksik epidermal nekroliz daxil olmaqla, o cümlədən, ölümlə nəticələnən ciddi dəri reaksiyalarının meydana çıxması barədə məlumatlar daxil olmuşdur (“Əlavə təsirləri” bölməsinə bax). Pasiyentlər müalicə kursunun əvvəlində göstərilən reaksiyaların ən yüksək riskinə məruz qalırlar; əksər hallarda, dəri reaksiyaları müalicənin ilk ayı müddətində meydana çıxır. Dəri üzərində səpgilər, selikli qişaların zədələnməsi və ya digər hiperhəssaslıq təzahürləri meydana çıxdığı halda, Aertal kremin istifadəsi ilə aparılan müalicəni dayandırmaq vacibdir.
Nadir hallarda Varicella Zoster virusu (suçiçəyi – kəmərləyici dəmrov virusu), dəri və yumşaq toxumalar infeksiyaları şəklində ciddi ağırlaşmaların meydana çıxmasına səbəb ola bilər. Hal-hazırda, göstərilən infeksiyaların gedişinə QSİƏP-in mənfi təsirini tamamilə istisna etmək olmaz. Bununla əlaqəli, Varicella Zoster virusunun törətdiyi infeksiya zamanı aseklofenakdan istifadə etmək tövsiyə olunmur.
Aertal kremin tərkibində 0,002 q metilparahidroksibenzoat (E218) və 0,0005 q propilparahidroksibenzoat (E216) vardır ki, bunlar da allergik reaksiyaların (o cümlədən, gecikmiş reaksiyaların) meydana çıxmasına səbəb ola bilərlər.
Aertal kremin köməkçi komponenti olan emulsiya mumunun tərkibində həmçinin, setilstearil spirti vardır ki, bu da yerli dəri reaksiyalarının (məsələn, kontakt dermatitin) meydana çıxmasına səbəb ola bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Aertal preparatının digər dərman preparatları ilə ehtimal edilən qarşılıqlı təsirləri barədə heç bir məlumatın olmamasına baxmayaraq, digər dərman preparatlarından, xüsusi ilə litium- və diqoksin tərkibli preparatlardan istifadə edən pasiyentlərə preparatı təyin etdikdə, ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Eyni zamanda peroral antikoaqulyantlarla, diuretiklərlə və ya ağrıkəsici preparatlarla müalicə aparıldığı halda, ehtiyat tədbirlərinə həmçinin, riayət etmək lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövrü
Heyvanlar üzərində aparılan tədqiqatlarda, preparatın hamiləliyin gedişinə, embrionun/dölün inkişafına, doğuşun gedişinə və ya postnatal dövrdə inkişafa mənfi təsiri aşkar edilməmişdir. Hamiləlik dövründə insanlarda preparatın istifadəsinin təhlükəsizliyi barədə heç bir klinik məlumat yoxdur; bu səbəbdən, hamiləlik dövründə Aertal kremin istifadəsi qadağandır.
Laktasiya dövrü
Aseklofenakın ana südünə sekresiya olunub-olunmaması barədə heç bir məlumat yoxdur. Bu səbəbdən, laktasiya dövründə preparatın istifadəsi tövsiyə olunmur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Aertal krem nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
İstifadə qaydası və dozası
Dozalanma rejimi
Aertal kremi gündə 3 dəfə yüngül masaj hərəkətləri ilə zədələnmiş nahiyənin üzərinə çəkmək lazımdır. Preparatın istifadə olunacaq dozası zədələnmiş nahiyənin ölçüsündən asılıdır: 1,5-2 q Aertal krem təxminən, 5-7 sm uzunluqda krem zolağına müvafiqdir.
Pasiyentin diqqətini ona yönəltmək lazımdır ki, əzələ və ya oynaq zədələnmələrinin (dartınmalar, distorsiyalar, əzilmələr) və ya bağların iltihabının müalicəsi üçün preparatı həkim təyinatı olmadan istifadə etdikdə, preparatın istifadə müddəti 2 həftədən artıq olmamalıdır. Həkim təyinatı olmadığı halda, preparatın artritin müalicəsi üçün istifadə müddəti 3 həftədən artıq olmamalıdır. Simptomlar pisləşdikdə və ya 7 gün müddətində istifadə edildikdən sonra simptomlar azalmadığı halda, davamlı müayinənin aparılması məqsədi ilə pasiyent həkimə müraciət etməlidir.
Uşaqlar
Preparatın uşaqlarda istifadəsi barədə heç bir məlumat yoxdur. Aertal kremin uşaqlarda istifadəsi tövsiyə olunmur.
Yaşlı pasiyentlər (65 yaşdan yuxarı)
Yaşlı pasiyentlərin müalicəsi üçün, yetkin yaşlı pasiyentlər üçün nəzərdə tutulan dozadan istifadə etmək mümkündür.
İstifadə qaydası
Bu preparat yalnız xaricə istifadə üçün nəzərdə tutulmuşdur və onu sıxıcı sarğıların altına çəkmək olmaz. Əllər preparatın istifadə nahiyyəsi olduğu hallar istisna olmaqla, kremi istifadə etdikdən sonra, əlləri yumaq vacibdir. Preparatın gözlərə və ya ağız boşluğuna düşməsindən çəkinmək lazımdır. Aertal kremi yalnız, zədələnməmiş dəri üzərinə çəkmək olar.
Əlavə təsirləri
Aertal krem qənaətbəxş yerli tolerantlıq nümayiş etdirmişdir.
Bir sıra hallarda, müalicə dayandırıldıqdan sonra aradan qalxan, dərinin hiperemiyası və qaşınması ilə müşayiət olunan yüngül və ya mülayim yerli qıcıqlanma təsvir olunmuşdur.
Nadir hallarda, QSİƏP-lə aparılan müalicə ilə birlikdə Varicella Zoster virusu dəri və yumşaq toxumalar infeksiyaları şəklində ciddi ağırlaşmaların meydana çıxmasına səbəb ola bilər.
Bundan əlavə, ultrabənövşəyi şüalanmadan qorunma təmin olunmadan şiddətli günəş işığı altında, krem çəkildiyi nahiyələrdə fotohəssaslıq reaksiyaları barədə müxtəlif məlumatlar (≥ 1/1000-dən, < 1/100-ə qədər) mövcuddur.
Aseklofenakın klinik tədqiqatlarından və qeydiyyatdan sonrakı istifadəsindən əldə olunan məlumatlara əsasən tərtib edilmiş əlavə reaksiyalar cədvəli, orqan sistemləri siniflərinə və baş vermə tezliyinə müvafiq aşağıda göstərildiyi kimi qruplaşdırılmışdır: çox tez-tez (≥1/10), tez-tez (≥ 1/100-dən, < 1/10-ə qədər), bəzən (≥ 1/1000-dən, < 1/100-ə qədər), nadir hallarda (≥ 1/10000-dən, 1/1000-ə qədər), çox nadir hallarda (< 1/10000).
Orqan sistemləri sinifi |
Bəzən (≥ 1/1000-dən, < 1/100-ə qədər) |
Nadir hallarda |
Çox nadir hallarda (< 1/10000) |
Sistem pozğunluqlar və yeridilmə nahiyəsində qeyd olunan ağırlaşmalar |
Fotohəssaslıq reaksiyası, hiperemiya, dərinin qaşınması. |
Dərinin qıcıqlanması. |
Bullyoz reaksiyalar (o cümlədən, Stivens-Conson sindromu və toksik epidermal nekroliz). |
QSİƏP-in istifadəsi ilə əlaqəli, o cümlədən, ölümlə nəticələnən ciddi dəri reaksiyalarının (eksfoliativ dermatit, Stivens-Conson sindromu və toksik epidermal nekroliz daxil olmaqla) nadir hallarda meydana çıxması barədə məlumatlar mövcuddur.
Doza həddinin aşılması
Aseklofenakın istifadəsi nəticəsində doza həddinin aşılması hallarının meydana çıxma ehtimalı azdır.
Doza həddinin aşılması qeyd olunduqda, simptomatik müalicə aparmaq lazımdır.
Buraxılış forması
60 q krem, dəlmək üçün iynə-ucluqla təchiz olunmuş polietilen qapaqla bağlanmış alüminium tublarda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25° C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Gedeon Richter” ASC, Budapeşt, Macarıstan
1103 Budapeşt, Demreyi küç., 19-21, Macarıstan
«Аlmirall AG», İsveçrə firmasının lisenziyasına əsasən
İstehsalçının və ərizəçinin maraqlarını təmsil edən şirkət
“Gedeon Richter” ASC
1103 Budapeşt, Demreyi küç., 19-21, Macarıstan
Qaynar xətt (zəng ödənişsizdir): 7-800-555-00777.
Elektron ünvan: [email protected]
Aertal krem nə üçündür?
- Travmatik ağrılarda istifadə olunan dərmanlar
- Yumşaq toxumaların zədələnmələri
- Oynaq və əzələ ağrılarında istifadə olunan dərmanlar
- İdman zədələnmələrində istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






