Solicartil gel

Solicartil gel yerli istifadə üçün kombinə olunmuş iltihab əleyhinə, analgetik, xondroprotektor, mikrosirkulyasiyanı yaxşılaşdıran preparat.

Jul 4, 2024 - 23:55
Jul 5, 2024 - 00:10
 0
Solicartil gel
Solicartil gel

Solicartil gel haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Solicartil gel tərkibi

1 ml-də: 

  • İbuprofen (Ibuprofen).................................................50 mq
  • Metilsulfonilmetan/MSM (Methylsulfonylmethane).....3 mq
  • Qlükozamin sulfat (Glucosamine sulfate).................0,5 mq
  • Xondroitin sulfat (Chondroitin sulfate)......................0,3 mq
  • Mentol (Menthol).........................................................1,5 mq
  • Kamfora (Camphor)....................................................1,1 mq
  • At şabalıdı (Horse chestnut)..........................................3 mq
  • Çin kameliyası – çay ağacı (Camellia sinensis).........0,9 mq
  • Hialuron turşusu (Hyaluronic acid).............................0,5 mq
  • Bromelain (Bromelain).................................................0,3 mq
  • Evkalipt yağı (Eucalyptus oil)..........................................5 mq
  • Nanə yağı (Mint Oil).........................................................2 mq
  • Dərman zəncəfili yağı (Ginger/Zingiber officinale oil)..0,5 mq
  • Mixək yağı (Clove oil)....................................................0,5 mq
  • Lavanda yağı (Lavander/Lavandula angustifolia oil).....0,5 mq     
  • Acı bibər yağı (Capsicum oil)....................................0,001 mq

Farmakoterapevtik qrupu

Yerli istifadə üçün kombinə olunmuş iltihab əleyhinə, analgetik, xondroprotektor, mikrosirkulyasiyanı yaxşılaşdıran preparat.

Farmakoloji xüsusiyyətləri

Solicartil gel nə üçündür?

İbuprofen - qeyri-steroid iltihab əleyhinə (QSİƏ) dərmanlar qrupuna aiddir. İltihab əleyhinə, analgetik, hərarətsalıcı təsirlər göstərir. Fenilpropion turşusunun törəməsi olan ibuprofen, araxidon turşusu mübadiləsinin əsas fermenti olan siklooksigenaza-1 (COX-1) və siklooksigenaza-2 (COX-2) fermentini bloklayır, nəticədə ağrı, iltihab və hipertermik reaksiyaların mediatoru olan prostaglandinlərin sintezini ingibə edir. Damar keçiriciliyini azaldır, mikrosirkulyasiyanı yaxşılaşdırır, hüceyrələrdən iltihab mediatorlarının (prostaqlandin, kinin, leykotrienlər) xaric olmasını ingibə edərək iltihab əleyhinə təsir göstərir. İltihabın intensivliyini, bradikinin istehsalını və onun alqogenliyini azaldaraq analgetik təsir edir. Dəriyə tətbiq edildikdə ibuprofen 24 saat ərzində epidermis və dermada qalaraq təsirini göstərir. Yumşaq toxumalarda, oynaqlarda və sinovial mayedə yüksək terapevtik konsentrasiyaya çatır. Analgetik və iltihab əleyhinə effekti hesabına iltihab, yaxud travma nəticəsində hərəkət məhdudiyyəti olan oynaqlarda hərəkət genişliyini artırır.

Metilsulfonilmetan/MSM – üzvi kükürd tərkibli birləşmədir, dimetil sulfoksidin (DMSO) əsas metabolitidir. MSM bir çox endogen zülalların, xüsusilə əzələləri, bağları və sümükləri, saçları və dərini formalaşdıran zülalların (kollagen, elastin, keratin) tərkib hissəsidir. MSM iltihab əleyhinə, analgetik, antioksidant təsirə malikdir. MSM birləşdirici toxumanın, kollagenin biosintezini, dərinin elastikliyini və əzələlərin gücünü artırır. Oynaqlarda iltihabı, ödemi, sərtliyi və ağrıları azaldır, oynaqların hərəkətliliyini artırır, əzələlərin və vətərlərin qan dövranını yaxşılaşdırır. Oynaq kapsuluna və qığırdağa regenerativ təsir göstərir, sinovial mayenin sintezini normallaşdırır, oynaq səthinin sürtünməsinin qarşısını alır. Qlükozamin və xondroitinin biomənimsənilməsini yaxşılaşdırır.

Qlükozamin sulfat - birləşdirici toxumanın əsas struktur materialıdır. Oynaqlarda qığırdağın tamlığının saxlanılmasında əsas rol oynayır. Həmçinin, bağlarda, vətərlərdə, damarların divarında, bronxlarda, dəridə çoxluq təşkil edir. Defisiti zamanı qığırdaqlarda degenerasiya müşahidə olunur, bu da osteoartroza və oynaq ağrılarına səbəb olur. Dəri səthinə sürtüldükdə yaxşı sorulma qabiliyyətinə malik olduğundan, əsasən qığırdaq toxumasında toplanır. İltihabı aradan qaldırır, qığırdağın dağılmasının qarşısını alır və yeni hüceyrələrin əmələ gəlməsini stimullaşdırır. Oynaqlarda ağrını azaldır və hərəkəti artırır.

Xondroitin sulfat – yüksək molekullu mukopolisaxariddir. Əsasən, sümük və qığırdaq toxumalarında yerləşir. Qığırdaq toxumasında fosfor və kalsium mübadiləsini normallaşdırır. Oynaqlarda qığırdaq toxumasının strukturunu və funksiyalarını pozan fermentləri blokada etməklə qığırdağın degenerasiyasını tormozlayır. Qlükozaminoqlikanın sintezini stimullaşdırmaqla zədələnmiş oynaq səthinin və oynaq kisəsinin regenerasiyasını sürətləndirir. Oynaq mayesinin sintezini artırmaqla zədələnmiş oynaqların hərəkətliliyini artırır. Eyni zamanda, damar divarının möhkəmliyini və elastikliyini bərpa edir. Oynaqlarda iltihabi prosesləri aradan qaldırmaqla ağrıkəsici təsir göstərir. Sinovial mayeyə asanlıqla penetrasiya edir.

Hialuron turşusu – kollagen və elastinin sintezində iştirak edir, toxumaların bərpasını təmin edir. Oynaqdaxili mayeni sürüşkən edir, qığırdaq səthlərini qidalandırır və elastiklik verir. Nəticədə, oynaq minimum sürtünmə ilə işləyir, qığırdaqlar asan sürüşür, hərəkətlər heç bir narahatlıq və ağrı yaratmır.

At şabalıdı – tərkibindəki triterpen saponinləri (essin), taninlər, C, K, B1 vitamini, eskulin kumarin qlikozidləri, fraksin hesabına angioprotektor, venotonik, iltihab əleyhinə təsir edir. Hematomalar, tromboz, ödem və travmatik zədələnmələrdə effektivdir. Damarlarının divarlarını gücləndirir, qan və limfa dövranını yaxşılaşdırır, ödemi aradan qaldırır.

Çin kameliyası – çay ağacı - polifenol birləşmələr, kofein, teanin, tanin flavonoidlər hesabına güclü antioksidant təsir göstərir, sərbəst radikalların zədələyici təsirindən qoruyur. Kollagen sintezini və birləşdirici toxuma funksiyasını yaxşılaşdırır, qan damarlarını və kapilyarları gücləndirir və onların elastikliyini artırır.

Bromelain – iltihab əleyhinə təsiri var, xüsusən də iltihabı, ağrıları və ödemi azaltmaq üçün oynaq xəstəliklərində istifadə olunur. Qanın laxtalanmasını azaldır, yerli qan dövranını yaxşılaşdırır

Mentol və Nanə yağı - yerli ağrıkəsici effektə malikdir. İltihab əleyhinə və spazmolitik təsir göstərərək əzələ və oynaqlarda ağrını aradan qaldırır.

Kamfora – Cinnamonum camphora-kamfora dəfnəsinin efir yağıdı. Antiseptik, yerli ağrıkəsici və iltihab əleyhinə təsir göstərir. Yerli olaraq qan dövranını yaxşılaşdırır, əzələləri boşaldır. Əzələ və oynaq ağrıları zamanı yüksək kliniki effektə malikdir.

Evkalipt yağı - tərkibindəki sineol, terpenlər, üzvi turşular, aldehidlər, flavonoidlər, tanninlər hesabına iltihab əleyhinə, analgetik təsirlərə malikdir.

Zəncəfil yağı  – iltihab əleyhinə, antikoaqulyant, ağrıkəsici təsir göstərir, ağrını, iltihabı, ödemi aradan qaldırır, osteoxondroz və artrit zamanı oynaqların hərəkətliliyini artırır, mikrosirkulyasiyanı yaxşılaşdırır, regenerasiyanı, hematomaların sorulmasını sürətləndirir.

Mixək yağı - təbii analqetik və iltihab əleyhinə vasitədir. Xroniki iltihabi xəstəlikləri zamanı - artrit, bursit, osteoxondroz, mialgiyalarda geniş istifadə olunur.

Lavanda yağı - iltihab əleyhinə və analgetik xüsusiyyətlərə malikdir, əzələ ağrısı, revmatizm, bel ağrısı və oynaq ağrılarında effektivdir. Spazmolitik təsiri ilə diz ağrılarına səbəb olan əzələ spazmlarını aradan qaldırır.

Acı bibər yağı - tərkibindəki kapsaisin alkaloidi və efir yağları sayəsində iltihabın sürətli sorulmasını təmin edərək ödemi və ağrını effektiv aradan qaldırır.

Yağların kombinasiyası sinergizm təşkil edərək hər komponentin təsir effektini artırır - iltihabi mediatorları, xüsusilə leykotrieni ingibə etməklə oynaq və əzələlərdə iltihabi prosesin simptomlarını (hiperemiya, ödem, ağrı, hərəkət məhdudluğu) aradan qaldırır, oynaqların hərəkətliliyini artırır. Yerli qıcıqlandırıcı təsiri ilə ağrıdan “diqqəti yayındıran" effekt yaradır, lokal anestetik təsir göstərir. Yerli istifadədə toxumalara birbaşa təsir edərək oynaq sahəsinin, əzələlərin və vətərlərin qan dövranını yaxşılaşdırır. Oynaq daxili mayenin sintezini normallaşdırır, onun sürüşkənliyini artırır, zədələnmiş oynaq qığırdaqlarının bərpasını stimullaşdırır, qığırdaq toxumasının deqradasiyasının qarşısını alır. Həmçinin, gelin digər komponentlərinin dəri səthindən daha yaxşı mənimsənilməsini təmin edir.

İstifadəsinə göstərişləri

  • Oynaq, əzələ və boyun ağrıları. Revmatik ağrılar
  • Osteoartroz (birincili və ikincili, koksartroz, qonartroz və s.)
  • Artritlər, revmatoid artit, poliartrit, periartrit, osteoartrit, revmatizm
  • Osteoxondroz. Spondilyoz
  • Fəqərəarası protruziya. Fəqərəarası yırtıq. Disk sürüşməsi
  • Sümüklərin travmatik zədələnməsi (idman travmaları)
  • Nevralgiya, lyumbaqo, işias, radikulopatiya, neyropatiya
  • Fibromialgiya, mialgiya, miozit
  • Əzələ, oynaq və oynaqətrafı yumşaq toxumaların travmaları (burxulma, dartılmalar, çıxıqlar və s)
  • Dərialtı hematomalar
  • Oynaqlarda aparılan əməliyyatlardan sonrakı reabilitasiya dövründə
  • Aşağı ətraflarda ağırlıq, ağrılar, qıcolmalar, trofiki pozğunluq
  • Aşağı ətraf venalarının varikoz genişlənməsi, tromboflebit
  • Hamilələrdə aşağı ətrafların venoz çatışmazlığı
  • Diabetik angiopatiya

Solicartil gel dozalanması və istifadə qaydası

Gün ərzində 3-4 dəfə travma və ya ağrı olan nahiyələrə gel tam sorulanadək dairəvi massaj hərəkətləri ilə sürtülür.

İstifadə qaydası və müalicə müddəti fərdi olaraq həkim tərəfindən tənzimlənə və müalicə kursları təkrarlana bilər.

Əlavə təsirləri

Nadir hallarda yerli allergik reaksiyalar müşahidə oluna bilər

Solicartil gel əks göstərişləri

Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq. Preparatın tətbiqi sahəsində dərinin zədələnməsi, açıq yaralar.

Buraxılış forması

100 ml plastik tubda gel.

Solicartil gel qiyməti

Solicartil gel qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Solicartil gel qiyməti -ni öyrənərək əldə edəsiniz.

İstehsalçı ölkə

Türkiyə

Aid olduğu kateqoriyalar

  1. Travmatik ağrılarda istifadə olunan dərmanlar
  2. Oynaq və əzələ ağrılarında istifadə olunan dərmanlar
  3. Yumşaq toxumaların zədələnmələri
  4. Dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırıcı dərmanlar
  5. İdman zədələnmələrində istifadə olunan dərmanlar

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow