Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə təmin edilir

Aug 15, 2024 - 22:07
 0
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə təmin edilir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Orta qulağın kəskin iltihabı, digər adıyla kəskin orta otit, xüsusilə uşaqlar arasında tez-tez rast gəlinən xəstəliklərdən biridir. Bu xəstəlik zamanı infeksiyanın orta qulağa keçməsi nəticəsində iltihabi proses uzun müddət davam edir və təbil boşluğunda irinli maye yığılır. İlk müalicə olaraq həkim medikamentoz müalicə təyin edir. Ancaq, iltihab və infeksiya bir neçə ay ərzində təkrarlandıqda, şiddətli və ya davamlı qulaq ağrısı, eşitmə zəifliyi, və təbil pərdəsinin şişməsi zamanı mirinqotomiya və ya timpanostomiya əməliyyatlarına ehtiyac yaranır.

Mirinqotomiya əməliyyatı eşitmə borusunun keçiriciliyini bərpa etmək məqsədi ilə həyata keçirilən cərrahi müdaxilədir. Bu əməliyyat zamanı təbil pərdəsində kəsik açılır və orada yığılan irinli maye xaric edilir. Əməliyyatdan sonra xəstə özünü daha yaxşı hiss edir və eşitmə normallaşır. 7-10 gün ərzində təbil pərdəsində açılan kəsik tamamilə sağalır, çapıq izi və ya digər mənfi fəsadlar olmur.

Kəskin orta otit təkrarlandıqda və iltihablanma 3 aydan artıq davam etdikdə, yığılan mayenin xaric edilməsi üçün qulağa müvəqqəti qulaq borusu (timpanostomik boru) yerləşdirilir. Timpanostomiya adlanan bu əməliyyat böyüklərdə yerli keyitmə, uşaqlarda isə ümumi anesteziya altında otolarinqoloq tərəfindən həyata keçirilir.

Qulaq boruları daha çox orta qulaqda bir neçə dəfə infeksiya keçirmiş uşaqlarda yerləşdirilir. Bu borular mayənin drenajını təmin edir və orta qulaqda mayenin yığılmasının qarşısını alır. Böyüklərdə isə bu borular uçuş və ya dayvinq zamanı baş verən təzyiq dəyişikliyi nəticəsində yaranan şiddətli qulaq ağrısının müalicəsi üçün taxılır. Müalicə olunmadıqda, bu vəziyyət nitqdə çətinliklər və ya daimi eşitmə itkisi kimi ciddi fəsadlara səbəb ola bilər.

Əksər hallarda qulaq borusu 9-18 ay ərzində özü düşür və qulaq pərdəsində açılan kəsik tam sağalır. Lakin, qulaq borusu 2 il ərzində özü düşməzsə, həkim tərəfindən çıxarılır.

2022-2024-cü illərin ilk 4 ayında, icbari tibbi sığorta ilə qulağa borunun taxılması (timpanostomiya) və 96 mirinqotomiya əməliyyatı həyata keçirilib.

Xəstəliyin diaqnostikası üçün otolarinqoloq tərəfindən otoskopiya, audiometriya (eşitmənin dəyərləndirilməsi), timpanometriya (təbil pərdəsinin funksionallığının qiymətləndirilməsi) və endoskopik müayinələr aparılır. Əgər kəllədaxili patologiyaya şübhə olarsa, həkim KT və MRT diaqnostik müayinələrini təyin edə bilər. Xəstəliyin diaqnostikası, cərrahi müalicəsi, əməliyyat zamanı istifadə olunan dərmanlar və tibbi sərflər (qulaq borusu), eləcə də ehtiyac yaranarsa, qulaq borusunun çıxarılması icbari tibbi sığorta ilə qarşılanır.

Mirinqotomiya və timpanostomiya əməliyyatları TƏBİB-in tabeliyindəki tibb müəssisələrində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində göndəriş əsasında icra olunur.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow