Azrosin 200 mg

Azrosin 200 mg - Azitromisin makrolid qrupuna aid olan yarımsintetik antibiotikdir. Azitromisin eritromisinin törəməsi olmasına baxmayaraq, ondan lakton həlqəsinə azot atomunun köməkliyi ilə metilen qrupunun birləşməsi ilə fərqlənir. 

Jun 29, 2024 - 17:04
Jun 29, 2024 - 17:31
 0
Azrosin 200 mg
Azrosin 200 mg

Azrosin 200 mg

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Beynəlxalq patentləşdirilməmiş adı: Azithromycin

Buraxılış : Reseptli

İxtisas : Antimikrob

Azrosin 200 mg Tərkibi

Təsiredici maddə: 5 ml hazır suspenziyanın tərkibində200 mq azitromisin dihidrat vardır.

Köməkçi maddələr: ksantan qətranı, natrium-hidroortofosfat (susuz),  banan ətri 

Farmakoterapevtik qrupu

Makrolidlər qrupuna aid olan antibakterial dərman vasitəsi. Azalid.

ATC kodu: J01FA10

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Azrosin 200 mg nə üçündür?

Azitromisin makrolid qrupuna aid olan yarımsintetik antibiotikdir. Azitromisin eritromisinin törəməsi olmasına baxmayaraq, ondan lakton həlqəsinə azot atomunun köməkliyi ilə metilen qrupunun birləşməsi ilə fərqlənir. 

Makrolidlərin digər nümayəndələrindən fərqli olduğuna görə azitromisin başqa qrupa - azalidlərə aiddir. Azitromisin həssas mikroorqanizmlərdə 50S ribosom səviyyəsində zülal sintezini tormozlayır.

Farmakokinetikası

Geniş təsir spektrli antibiotik olduğuna görə, azitromisin per osqəbuldan 2-3 saat sonra plazmada maksimal konsentrasiyaya çatır. Qida qəbulu preparatın mənimsənilməsini zəiflətdiyinə görə preparat acqarına qəbul olunur. Aparılan tədqiqatlar nəticəsində azitromisinin toxuma konsentrasiyasının plazma konsentrasiyasından daha yüksək olduğu (təxminən 50 dəfə) müəyyən olunmuşdur. Preparatın 500 mq dozada qəbulundan sonra ağciyərdə, badamcıqlarda, prostat vəzidə və başqa orqanlarda antibiotikin konsentrasiyası MİK90-dan çox toplanır. Preparatın biomənimsənilməsi 37%-dir. Azitromisin əsasən dəyişilməmiş vəziyyətdə öd yolları ilə, 6 %-i isə sidiklə xaric olur. Yarımxaricolma dövrü 2-4 gündür. Bir sıra in vitrotədqiqatlarda azitromisin qrammüsbət və qrammənfi mikroorqanizmlərə qarşı yüksək effektivlik göstərir: Streptococcus pneumoniae, Streptococcus pyogenes (A qrupu)və başqastreptokokklar, Staphylococcus aureus, Corynebacterium diphtheriae, Haemophilus influenzae, Haemophilus parainfluenzae, Branhamella catarrhalis, Bacteroides fragilis, Esherichia coli, Bordetella pertussis, Bordetella parapertussis, Shigella-nınmüxtəlif növləri, Pasteurella, Vibrio, Peptococcus və Peptostreptococcus, Fuzobacterium necrosporum, Propionbacterium acnes, Yersinia, Clostridium perfrigens, Borrelia burgdorfei, Haemophilus ducreyi,  Neisseria qonorrhoeae, Chlamydia trachomatis, Chlamydia pneumoniae.

AzitromisinLegionella pneumophila, Mycoplasma pneumoniae, Mycoplasma hominis, Mycobacterium avium, Campylobacter-in müxtəlif növləri, Ureaplasma urealyticum, Toxoplasma qondi, Treponema pallidum-a qarşı yüksək effektivliyə malikdir.

İstifadəsinə göstərişlər  

Azitromisinə həssas mikroorqanizmlərin törətdiyi xəstəliklər:

  • Aşağı tənəffüs yollarının infeksiyaları
  • Yuxarı tənəffüs yollarının infeksiyaları
  • Dərinin və yumşaq toxumaların infeksiyaları
  • Ağırlaşmamiş genital xlamidiya infeksiyaları.

Azrosin 200 mg Əks göstərişlər

Makrolidlərə, yaxud Azrosinin hər hansı bir komponentinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər

Azrosin yaxşı tolerantlığa malikdir. Əsasən mədə-bağırsaq traktı tərəfindən əlavə reaksiyalar müşahidə olunur: ürəkbulanma, qusma, qarın nahiyəsində ağrılar, ödem, ishal. 

Başqa makrolidlərin və penisillinlərin qəbulu zamanı olduğu kimi qaraciyər transaminazaların səviyyəsinin geriyə dönən yüksəlməsi müşahidə oluna bilər. Klinik tədqiqatlarda keçici neytropeniya müşahidə oluna bilər ki, bunun da azitromisinlə əlaqədar olması təsdiqlənməyib. 

Ağırlaşmamış pnevmoniyalar zamanı peroral müalicə təyin olunarsa azitromisin yüksək effektivlik göstərə bilər. Ağır keçən pnevmoniyalar və aşağıda göstərilən vəziyyətlərdə, peroral müalicənin effektiv olmadığından azitromisin təyin olunmur:

  • Hospital infeksiyaları
  • Bakteriemiya əlamətləri olan xəstərlərdə, yaxud bakteriemiyaya şübhə zamanı
  • Stasionar xəstələrə
  • Ağır vəziyyətdə olan xəstələrə və yaşlılara.

Başqa geniş təsir spektrli antibiotiklərin qəbulu zamanı olduğu kimi, azitromisinin qəbulu zamanı psevdomembranoz  kolitin yüngül forması inkişaf edə bilər. Bunu nəzərə alaraq, xəstələrdə ishalın yaranma ehtimalı həkimin diqqəti altında olmalıdır. Azitromisinlə müalicə zamanı, bağırsaqların normal mikroflorasının pozulması və patogen klostridiyaların inkişafı müşahidə oluna bilər.

Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, azitromisinin qəbulu ilə bağlı yaranan kolitin əsas etioloji faktoru Clostridium difficile-nin toksinidir. Psevdomembranoz kolitin əlamətləri keçəndən sonra müalicə davam etdirilir. Yüngül dərəcəli kolit əmələ gəldikdə, müalicəni dayandırmaq kifayətdir. Lakin, ağır kolitlər zamanı Clostridium difficile-yə qarşı yüksək aktivlik göstərən antibiotiklər, elektrolitlər, zülallar, maddələr mübadiləsini bərpa edən mayelər təyin olunur. Azrosin ödlə xaric olduğu üçün qaraciyər catışmazlığı zamanı təyinatında diqqətli olmaq lazımdır.Başqa makrolidlərin təyinatı zamanı yaranan QT intervalının uzanması, azitromisinin istifadəsi zamanı müşahidə olunmur.

Preparatın kanserogenliyi müəyyən olunmamışdır. Standart laborator analizlərdə preparatın mutagenliyi müəyyən olunmayıb.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik

Heyvanlarda aparılan tədqiqatlar nəticəsində azitromisinin plasentar baryeri keçdiyi, ancaq dölə heç bir təsiri olmadığı təyin olunmuşdur. Preparatın hamilələrə təsiri axıra kimi öyrənilməmişdir. Vacib təlabat olmadığı halda preparat hamilələrdə istifadə olunmur.

Laktasiya

Preparatın ana südünə keçməsi barəsində məlumat yoxdur. Vacib təlabat olmadığı zaman preparat laktasiya dövründə istifadə olunmur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri   

Antasidlər preparatın sorulmasını zəiflətdiyindən, preparat antasidlərdən 1 saat əvvəl yaxud 2 saat sonra qəbul olunur. Teofillinlə qarşılıqlı təsiri haqqında məlumat yoxdur. Ancaq, başqa makrolidlərin teofillinlə qəbulu zamanı onun plazma konsentrasiyasının yüksəlməsi müşahidə olunur. Bunu nəzərə alaraq, göstərilən preparatların qəbulu zamanı teofillinin plazma konsentrasiyasına nəzarət edilməsi tələb olunur. 

Azrosinlə paralel sitoxrom P450  sistemi tərəfindən metabolizmə uğrayan preparatların (karbamazepin, siklosporin, heksobarbital) təyinatı zamanı, bu preparatların plazma konsentrasiyalarına tam nəzarət edilməsi vacibdir. 

Siklosporinlə qarşılıqlı təsiri nəzərə alaraq siklosporinin səviyyəsi nəzarət altında saxlanılmalı və dozası korreksıya edilməlidir. 

Bəzi makrolidlərin diqoksinin biotransformasiyasını zəiflətməsi barədə məlumatlar vardır. Belə məlumatın azitromisin tərəfindən olmamasına baxmayaraq, göstərilən preparatların birlıkdə təyinatı zamanı diqoksinin plazma səviyyəsini nəzarət altında saxlamaq lazımdır. 

Başqa makrolidlər kimi azitromisin erqotaminin törədiciləri ilə təyin olunmur. 

Varfarin və azitromisinin birlıkdə qəbulu zamanı koaqulyasiya yüksəlir. 

Azitromisin triazolamın klirensini zəiflətdiyindən, azitromisinin farmakoloji aktivliyi artır.

Azrosin 200 mg İstifadə qaydası və dozası   

Kütləsi 45 kq-dan yuxarı olan uşaqlarda Azrosinin tablet dərman formasını təyin etmək tövsiyə olunur, kütləsi 20 kq-dan az olan uşaqlarda pediatrik suspenziya təyin olunur.

Preparat 3 günlük müalicə kursu ilə təyin olunur, hər kiloqram kütləyə – 10 mq, yaxud 5 günlük müalicə kursu: birinci gün – 10 mq/kq, 2-5-ci günlər – 5 mq/kq. Beləliklə, müalicə kursu zamanı 30 mq/kq azitromisin istifadə olunur.

Suspenziyanın hazırlanması

Suspenziyanı hazırlamaq üçün, içində toz olan plastmas qabı yaxşı silkələmək və 7,5 ml təmizlənmiş su əlavə etmək.

 Bu məhlulu yaxşı çalxalamaq lazımdır. Hazırlanmış suspenziyanı 5 gün ərzində otaq temperaturunda saxlamaq olar.

Azitromisinin 6 aylığa kimi uşaqlarda istifadəsi barədə məlumat olmadığından, preparatın istifadəsi məsləhət görülmür. Azrosin yeməkdən1 saat əvvəl, yaxud 2 saat sonra qəbul olunur.

Preparatın düzgün qəbulu və istifadəsi üçün ümumi həcmi 10 ml təşkil edən, xüsusi qabda 0,25 ml intervallı şpris var.

Yığılmış suspenziyanın miqdarı göstərilən düsturla hesablanır:

Suspenziyanın miqdarı (ml) =  Bədən kütləsi (kq)× təyin olunmuş gündəlik doza (mq/kq) × 5

                                                                                      200

1.Suspenziya hazırlandıqdan sonra şprisin qapağı açılır və flakona salınır.

 Şprisin içində olan porşeni çəkərək, həkim təyin edən doza lazım olan ölçüyə qədər çatdırılır.

2.Preparatı birbaşa şprisdən və qaşıqdan qəbul etmək olar.

3.Sonrakı istifadəyə qədər şpris öz qabında saxlanılır.

Doza həddinin aşılması 

Artıq dozalanma haqqında kifayət qədər məlumat yoxdur. Ümumiyyətlə, makrolidlərin artıq dozada qəbulu zamanı ürəkbulanma, güclü qusma, ishal müşahidə oluna bilər.

Göstərilən əlamətlər zamanı, mədənin yuyulması və simptomatik müalicə tələb olunur.

Əlavə təsirləri  

Tədqiqatlar nəticəsində yüngül və orta ağırlıqda əlavə təsirlərin olması müəyyən olunmuşdur.  Əsasən əlavə təsirlər mədə-bağırsaq traktı tərəfindən müşahidə olunur. Böyüklərdə əlavə təsirləri yalnız artıq doza qəbulu zamanı müşahidə olunur. 

Böyüklərdə:

  • Mədə-bağırsaq traktı:ishal, ürəkbulanma, qusma, qarın nahiyəsində ağrılar. 
  • Mərkəzi sinir sistemi:baş ağrıları, hiperkinezlər, oyanıqlıq, yuxusuzluq.
  • Ümumi:yorğunluq, hərarət.
  • Allergik reaksiyalar:səpgi.
  • Xüsusi həssaslıq: konyunktivit.
  • Ürək-damar sistemi:döş qəfəsi arxasında ağrılar
  • Sidikqovucu sistem:kandidoz vaginiti, nefrit.

Uşaqlarda:

  • Artıq doza qəbulu zamanı müşahidə olunur.
  • Ürək-damar sistemi:döş qəfəsi arxasında ağrılar.
  • Mədə-bağırsaq traktı:dispepsiya, ishal, anoreksiya, köp, qastrit. 
  • Mərkəzi sinir sistemi:baş ağrıları, hiperkinezlər, oyanıqlıq, yuxusuzluq.
  • Ümumi: zəiflik.
  • Allergik reaksiyalar:səpgi.
  • Xüsusi həssaslıq: konyunktivit.

Gözlənilməz reaksiyalar baş verdikdə həkimə müraciət edin.

Buraxılış forması

Azrosin, suspenziya hazırlamaq üçün toz 15 ml-lik flakonda. 1 flakon toz, və dozalanma üçün 10 ml-lik şpris içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir. 

Digər buraxılış forması

Azrosin 500 mq, örtüklü tabletlər.

Saxlanma şəraiti  

30°C-dən aşağı temperaturda, uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti  

Resept əsasında buraxılır.

Azrosin 200 mg qiyməti

Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.

İstehsalçı 

Zentiva Sağlık Ürünleri San. ve Tic. A. Ş.

Küçükkarıştıran 39780 , Lüleburqaz

Türkiyə

Aid olduğu kateqoriyalar

  1. Dəri infeksiyaları zamanı istifadə olunan vasitələr
  2. Qadın çanaq orqanlarının iltihabı xəstəliklərində istifadə olunan vasitələr
  3. Böyrək və sidik  yollarının  iltihabında istifadə olunan vasitələr
  4. Aşağı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan vasitələr
  5. Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan vasitələr

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow