Bu dondurmaları almayın - Təhlükəli ola bilər

Yay mövsümünün yaxınlaşması ilə dondurmaya olan tələbat da artır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, dondurma süd məhsulu olduğuna görə yüksək risk qrupuna aid edilir və onun düzgün saxlanılmaması ciddi fəsadlara yol aça bilər.
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Metbuat.az-a açıqlamasında bildirib ki, dondurma alarkən ilk növbədə məhsulun istehsal tarixi və mənşəyi yoxlanmalıdır:
“İstehlakçılar keyfiyyəti təsdiqlənmiş, mənşəyi məlum olan, yeni istehsal olunmuş dondurmaları seçməlidirlər. Eyni zamanda, mağazalarda dondurmaların saxlandığı soyuducuların temperaturu -18°C və ya daha aşağı olmalıdır. Soyuducunun içində yalnız dondurma saxlanılmalı, digər ərzaq məhsulları ilə eyni yerdə yerləşdirilməməlidir. Əks halda "mal qonşuluğu prinsipi" pozularsa, mikroorqanizmlərin çoxalması sürətlənir və bu da məhsulun keyfiyyətinə birbaşa təsir göstərir".
Mütəxəssisin sözlərinə görə, dondurmanın saxlanma temperaturu sabit olmalıdır. Soyuducunun qapısının tez-tez açılıb-bağlanması və temperaturun dəyişməsi məhsulun strukturunun pozulmasına, təkrar donma nəticəsində təhlükəli hala gəlməsinə səbəb ola bilər.
“Dondurmanın üzərində buz kristallarının yaranması onun əridilib yenidən dondurulduğuna işarədir. Bu isə zəhərlənmə riskini ciddi şəkildə artırır. Qışdan qalan dondurmalar əgər -18°C-də sabit şəraitdə saxlanılıbsa və qablaşdırması zədələnməyibsə, təhlükə yaratmaya bilər. Lakin hər hansı qablaşma dəyişiklikləri, sonradan yapışdırılmış stikerlər, zədələnmiş və ya şişmiş qablar həmin məhsulun riskli olduğunu göstərir”.
O, həmçinin qeyd edib ki, uzun yol qət edəcək və ya məhsulu dərhal istifadə etməyəcək kəslər alış-veriş zamanı dondurmanı sonuncu almalı və daşıma zamanı buzla təmin etməlidirlər. Əks halda məhsulun keyfiyyəti itə və sağlamlığa ziyan vura bilər.
“Çox zaman görürük ki, alınan dondurma bir müddət açıq havada qalır, sonra soyuducuya qoyulub yenidən dondurulur. Bu, məhsulun keyfiyyətini ciddi şəkildə azaldır və mədə-bağırsaq pozuntuları ilə nəticələnə bilər. Bu səbəbdən dondurma alarkən diqqətli olmaq, onun görünüşündə, qoxusunda və qablaşmasında hər hansı dəyişiklik olub-olmadığını mütləq yoxlamaq vacibdir”, – deyə M.Hüseynova əlavə edib.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






