Bakı üçün zəlzələ ANONSU – Təhlükə buradan gəlir!

Son günlər Türkiyə və Azərbaycan ərazisində qeydə alınan yeraltı təkanlar əhali arasında ciddi narahatlığa səbəb olub. Seysmoloji aktivliyin artması ilə bağlı yayılan məlumatlar insanlar arasında təşvişi artırır və yaxın gələcəkdə baş verə biləcək təbii fəlakətlərlə bağlı suallar doğurur.
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri, Yer elmləri üzrə elmlər doktoru dosent Qulam Babayev sözügedən məsələni belə şərh edib:
“Əvvəlki müsahibələrimdə də qeyd edirdim ki, Azərbaycanda seysmik və tektonik aktivlik artmaqdadır. Nəinki Azərbaycanda, bütün dünya miqyasında bu davamlı şəkildə baş verir və belə davam edəcək.
Egey dənizində hiss olunan, güclü zəlzələlər baş verir. Bu yaxında hətta Türkiyədə də bir neçə zəlzələ oldu və yenə də davamlı şəkildə olacaq. Çünki Türkiyə ərazisi mürəkkəb tektonik ərazidə yerləşir və mürəkkəb tektonik qırılmalar var və aktivdirlər. Gördüyünüz kimi, Etna vulkanı da püskürdü.
Tektonik və seysmik aktivlik dünya miqyasında artır və getdikcə artmaqdadır.
Azərbaycanı Türkiyə ilə müqayisə etsək, dərinliklərdə baş verən geodinamik proseslər və yerdəyişmələr o dərəcədə intensiv deyil, aktivdir. Özünə görə bir neçə nəhəng plitənin qovşağında yerləşirik. Amma seysmik və tektonik baxımdan o dərəcədə aktiv ərazi deyil. Azərbaycan seysmik zona sayılsa da, yerdəyişmə prosesləri çox da aktiv olmadığından güclü, dağıdıcı zəlzələ ölkə ərazisində baş vermir. Hiss olunan zəlzələ isə qaçılmazdır. Qonşu dövlətlərin, Türkiyə, İran və Gürcüstan ərazilərində tektonik aktivlik davam edirsə, Azərbaycanda da sabitliq gözləmək olmaz. Bu fizika qanunlarına ziddir. Azərbaycanda da daima ocaqlar hərəkətdə olacaq. Onsuz da hər gün hərəkətdədirlər və hər gün hiss olunmayan zəlzələ qeydə alır. Amma əsas məsələ hiss olunan yeraltı təkanlardır.
Bir seysmoloq kimi hər zaman qeyd edirəm ki, dərinlik burada çox böyük rol oynayır. Hansı nöqtədə toqquşma baş verdi və qırılma müşahidə olundusa, bu əsasdır. Çünki deyək ki, 30-35 kilometr dərinlikdə 4-4,5 maqnitudalı zəlzələ baş veribsə, səthə zəif təkanla gəlib çatacaq. Ancaq həmin maqnituda olan zəlzələ səthə yaxın olsa, bu təbii ki, daha intensiv şəkildə özünü göstərəcək. Ona görə də dərinlik əsas rol oynayır”.
Ekspert bildirib ki, Abşeron yarımadası və Bakı şəhəri isə əsas seysmik təhlükəni Xəzər dənizində olan ocaqlardan görür:
“Üstəlik Şamaxı və İsmayıllı ocaqlarından da seysmik təhlükə ilə üzləşir. Amma həmin ocaqlarda elə bir hiss olunan zəlzələ baş verməlidir ki, o gəlib Bakı şəhərinə çıxsın. Tarixdə belə hadisələr var. Şamaxıda 5,5 maqnitudalı zəlzələ Bakıda hiss edilib.
Xəzər dənizinin bütün hissələrində yerləşən ocaqlar paytaxt ərazisi üçün təhlükə mənbəyidir və mürəkkəb tektonik ocaqlar aktivlik təşkil edir. Bu səbəbdən dağıdıcı olmasa da hiss olunan zəlzələ qaçılmazdır.
Seysmik və tektonik aktivliyin fəsillə heç bir əlaqəsi yoxdur. Bu dərinliklərdə baş verən proseslərin nəticəsində meydana gəlir”./news24.az
Bu yazını dostlarınla paylaş
Bu yazıya reaksiyanız ?






